“Ermənistanın Rusiya ilə iqtisadi münasibətlərində baş verən proseslər son zamanlar iki ölkə arasında siyasi müstəvidə yaşanan hadisələrin məntiqi davamıdır. Bir sözlə, Ermənistanın indiki hakimiyyəti ilk gündən ölkəsini Rusiyanın asılılığından qurtarmaq yolunu tutub”.
Bu barədə sabiq maliyyə naziri, professor Fikrət Yusifov Rusiya baş nazirinin müavini Aleksey Overçukun “Ermənistan nə vaxtsa Avropa Birliyi və Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olacaq. Rusiya biznesmenləri Ermənistanla işləməyə ehtiyatla yanaşmağa başlayıblar. Ona görə də iki ölkə arasında ticarət dövriyyəsi azalır, keçən illə müqayisədə gələn il 12 milyard dollardan 6 milyard dollara enəcəyi proqnozlaşdırılır” bəyanatını Musavat.com-a şərh edərkən bildirib.
![]()
Sabiq nazirin sözlərinə görə, Paşinyan hakimiyyətə gələn kimi Rusiya ilə bütün səviyyələrdən olan münasibətlərin tədricən zəiflədilməsi strategiyasını reallaşdırır. Lakin Ermənistanın Rusiyadan ən çox asılılığı iqtisadi sahədədir:
“Zamanla Ermənistanda hakimiyyət başında olmuş oğru, cinayətkar sarkisyanların, koçaryanların bu ölkənin varidatını taladıqları az deyilmiş ki, hakimiyyətlərinin ömrünü uzatmaq naminə Ermənistan iqtisadiyyatının əsas dayaqları olan müəssisələri və sahələrin nəzarətini Rusiyaya veriblər. Təbii ki, iqtisadi asılılıq siyasi asılılığı şərtləndirən əsas səbəbdir. Ona görə də Ermənistan hakimiyyəti hər vəchlə Rusiya ilə iqtisadi bağları kəsib azaltmağa çalışır. Düzdür, bunu etmək o qədər də asan deyil və bu istiqamətdə atılan addımların hər birinin Ermənistan iqtisadiyyatına mənfi təsirləri qaçılmaz olur. Lakin Ermənistanın başqa yolu da yoxdur. Ona görə də bu il artıq Rusiya ilə Ermənistan arasında keçən ilki xarici ticarət dövriyyəsində kəskin azalmalar qeydə alınır”.
Fikrət Yusifonun fikrincə, bu məsələdə bir ciddi məqam da ondan ibarətdir ki, Ukraynaya hərbi təcavüzdən sonra Rusiya Ermənistana təzyiq etməklə onun vasitəsilə sanksiya altında olan məhsullarının – xüsusilə qiymətli metallar, qiymətli daşlar və s. bir hissəsini bu ölkə vasitəsilə üçüncü ölkələrə ixrac edirdi. Bu ildən Ermənistan həmin malların bu şəkildə idxal-ixracını həyata keçirməkdən imtina edib:
“Qərbin bu məsələdə Ermənistana xəbərdarlıqlarının olmasını istisna etmirəm. Ermənistanda Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Rusiya onu devirmək üçün mümkün olan və olmayan bütün çirkin vasitələrdən istifadə etməyə cəhd göstərdi. Lakin bu yolda heç bir nəticə hasil edə bilmədi. Rusiya bu gün onun fərqindədir ki, artıq Ermənistan Qərbin təsirində olan bir ölkədir. O səbəbdən rusiyalı iş adamları da Ermənistan iqtisadiyyatına yatırımlar etməkdən çəkinirlər”.


























