Energetika sahəsində uğurlu əməkdaşlıq.
Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Macarıstanın enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Bu kontekstdə yaşıl enerji sahəsində imzalanmış müqavilələr və layihələr xüsusilə diqqət çəkir. Macarıstan paytaxtında iki dövlət başçılarının görüşü zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd edilb ki, hər iki dövlət energetika sahəsində uğurlu əməkdaşlıq edir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. Gələn ilin əvvəlində isə növbəti kontrakt imzalanacaqdır. “Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq və mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan səviyyədə biz qaz təminatı təşkil edə bilərik”, – deyə dövlətimizin başçısı əlavə edib. Beləliklə, enerji sahəsindəki bu yeni əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə olan töhfəsini artırmasına imkan yaradıb. Bu, yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan önəmli addımlardır ki, Avropanın enerji bazarını daha müxtəlif və dayanıqlı etmək məqsədini güdür. Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. “Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq” –deyə dövlətimizin başçısı bildirib. Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatında vurğulayıb ki, biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə – diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident Əliyev bizim yanımızda olmuşdur. Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının tarixdə ilk dəfə olaraq Macarıstanda keçirildiyini söyləyən Baş nazir deyib: “Biz bu təşkilata tamhüquqlu üzv deyilik, müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə biz bu gün bu Zirvə toplantısına ev sahibliyi edirik”.
Əminliklə qeyd etmək olar ki, ölkə başçısının macarıstana işgüzar səfəri Azərbaycan ilə Macarıstan arasında əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin Muzey bələdçisi – Xanım İmanova
Dost ölkələr strateji əməkdaşlar
Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelin 27-də qurulmuşdur. Bu tarixdən etibarən iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq dinamik şəkildə inkişaf edir. 2014-cü ildə Macarıstan Azərbaycanın strateji tərəfdaşı elan olunmuş, 2023-cü ildə isə əlaqələr “Strateji Tərəfdaşlıq Şurası” səviyyəsinə yüksəldilmişdir. Macarıstan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən Avropa ölkələrindən biri kimi tanınır. İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər siyasi dialoqun intensivliyini və qarşılıqlı marağı əks etdirir. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə dəstək verir və ortaq mövqelər nümayiş etdirir. Xüsusilə Türk Dövlətləri Təşkilatında Macarıstanın müşahidəçi statusu da bu yaxınlığın bariz nümunəsidir. İki ölkə arasında imzalanmış sənədlər – o cümlədən enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında razılaşmalar – ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil edir. 2023-cü ilin fevral ayında Macarıstan Baş naziri Viktor Orbanın Azərbaycana rəsmi səfəri zamanı bu əməkdaşlığın dərinləşdirilməsi barədə yeni razılaşmalar əldə olunmuşdur. 2023-cü ildə Bakı şəhərində açılan Macarıstan Ticarət Evi iqtisadi əlaqələrin daha da inkişafına xidmət edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Macarıstan şirkətlərinin iştirak etməsi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. İqtisadi sahədə ticarət dövriyyəsinin həcmi hər il artmaqdadır və bu göstərici gələcək üçün də müsbət dinamika vəd edir. Macar investorların Azərbaycan bazarına olan marağı müxtəlif sektorlarda yeni layihələrin reallaşdırılmasına səbəb olur. Azərbaycan, Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan biri kimi çıxış edir. Xüsusilə Cənub Qaz Dəhlizi və TANAP layihələri vasitəsilə Azərbaycan qazının Avropaya ixracı Macarıstan üçün də strateji əhəmiyyət daşıyır. 2023-cü ildə Azərbaycanla Macarıstan arasında qaz təchizatına dair anlaşma memorandumunun imzalanması bu sahədə praktiki əməkdaşlığın başlanğıcını qoydu. Macarıstanın Qafqaz regionuna marağı həm tarixi, həm də geosiyasi baxımdan strateji xarakter daşıyır. Gələcəkdə “yaşıl enerji”, turizm və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsi gözlənilir. Azərbaycanın bərpa olunan enerji potensialı Macarıstan üçün maraqlı əməkdaşlıq sahələrindən biri kimi qiymətləndirilir. Bu sahədə birgə layihələrin həyata keçirilməsi iki ölkənin innovativ texnologiyalar sahəsində də yaxınlaşmasına imkan yarada bilər.
Təhsil sahəsində də əlaqələr nəzərə çarpacaq dərəcədə inkişaf edir. Macarıstan hökuməti hər il “Stipendium Hungaricum” proqramı çərçivəsində 200-ə yaxın azərbaycanlı tələbəyə təqaüd verir. Bu, iki ölkənin gənc nəsilləri arasında qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə şərait yaradır.mübadilə proqramlarının inkişafına təkan verir.
Zərdab şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin tarix müəllimi Sadiqova Ülkər