NATO-ya üzv 32 ölkənin tank arsenalına dair yenilənmiş məlumatlar açıqlanıb.
Xeberaz.info xəbər verir ki, qlobal hərbi məlumat bazalarının hesabatlarına əsasən, alyans daxilində ən böyük tank parkına malik ölkə ABŞ-dır. Avropa qanadında isə Türkiyə digər üzv dövlətləri əhəmiyyətli fərqlə geridə qoyaraq ilk sırada qərarlaşıb.
Məlumata görə, ABŞ NATO-nun ümumi tank gücünün təxminən yarısına sahibdir. Avropada isə Türkiyə coğrafi mövqeyi və müdafiə strategiyası səbəbindən geniş zirehli texnika parkını qoruyub saxlayır. Yunanıstan da yüksək tank sayına malik ölkələr sırasında yer alsa da, Türkiyə bu göstəricidə açıq üstünlük nümayiş etdirir.
Hesabatda qeyd olunur ki, Böyük Britaniya və Fransa son illərdə say üstünlüyündən daha çox yüksək texnologiyalı və müasir döyüş platformalarına üstünlük verdikləri üçün tank sayını strateji şəkildə azaldıblar. Baltik ölkələri və Belçika isə müdafiə büdcələrinin əsas hissəsini tanklardan çox təkərli zirehli maşınlara və hava hücumundan müdafiə sistemlərinə yönəldirlər.
Mütəxəssislər bildirirlər ki, tankların sayı orduların gücünü qiymətləndirən əsas meyarlardan biri olsa da, döyüş qabiliyyəti istifadə olunan texnologiya, heyətin hazırlığı, logistika imkanları və digər hərbi sistemlərlə inteqrasiyadan da asılıdır. Buna görə də müasir orduların effektivliyi yalnız tank sayına görə müəyyən edilmir.


























