Dost ölkələr, strateji tərəfdaşlar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Macarıstana işgüzar səfər etmişdir. Səfər zamanı Dövlət Başçısı mətbuata verdiyi bəyanatda qeyd etmişdir ki, bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Macarıstan və Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik.
Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur.
İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində – BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik.
Hikmət Novruzov – Zərdab rayonu Alıcanlı kənd ümumi orta məktəbin tarix-coğrafiya müəllimi
Energetika sahəsində uğurlu əməkdaşlıq.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası iqtisadiyyatın müxtəlif sahələrində çox ciddi uğurlar əldə etmişdir. Ölkəmiz iqtisadi göstəricilər üzrə bir çox nüfuzlu dövlətləri qabaqlamışdır. Azərbaycan xarici investisiyalar üçün cəlbedici və çoxşaxəli enerji əməkdaşlığı üçün böyük imkanlara malik ölkə kimi dəyərləndirilib.
Azərbaycan və digər bir çox ölkələr arasında energetika sahəsində əməkdaşlıq imkanları daim genişləndirilir. Azərbaycan hər zaman bərpa olunan enerji mənbələrinin istifadəsində maraqlı olmuş, bu sahədə çox ciddi addımlar atmışdır. Digər tərəfdən Azərbaycan zəngin neft-qaz yataqlarının istismarında, bu sahədən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yatırılmasında maraqlıdır. Bu sahədə bir sıra ciddi tədbirlər görülmüşdür. Azərbaycan Respublikası öz enerji təhlükəsizliyini tam təmin etmişdir. İndi Azərbaycan Avropaya enerji resurslarının ixracını təmin edən əsas fiqurlardan biridir. TAP və TANAP layihəsi üzrə görülən işlər bu gün Avropanın mavi yanacaqla təmin etmişdir.
Cənab Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatında qeyd etmişdir ki, “Bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Yəni bu, reallaşacaq layihələrdir. Təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır”.
Azərbaycanın müəllifi olduğu enerji layihələri dünyanın yeni enerji xəritəsinin yaranmasına səbəb olmuşdur. Azərbaycan bu sahədə ən funksiyalı subyekt kimi çıxış etməkdədir.
Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi