Azərbaycanın 44 Günlük Vətən müharibəsində əldə etdiyi Qələbə, uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Bu, beynəlxalq münasibətlər sistemində münaqişələrin sülh və ədalət əsasında həllinin yeni modeli kimi dəyərləndirilir. Prezident cənab İlham Əliyevin “Sülh istəyirik, amma kapitulyasiya deyil, ədalət əsasında” çağırışı Azərbaycanın mövqeyinin mahiyyətini tam ifadə edir. Məhz bu prinsipial mövqe regionda post-münaqişə dövrünün sülh gündəliyini formalaşdırdı”. Azərbaycan artıq qalib ölkə kimi regionda sabitlik, iqtisadi inteqrasiya və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını prioritet istiqamət elan etdi. “Sülh müqaviləsi”, “Zəngəzur dəhlizi”, “Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi” kimi strateji layihələr bu gündəliyin əsas sütunlarıdır. Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri artıq postmüharibə inkişaf modelinin real təzahürünə çevrilib. Azərbaycanın quruculuq konsepsiyası yalnız fiziki infrastrukturun deyil, mədəni, sosial və ekoloji mühitin yenidən yaradılmasını hədəfləyir. “Smart City” və “Smart Village” layihələri – Zəngilanın Ağalı kəndi, Füzuli və Cəbrayılda tikilən müasir şəhər layihələri – yaşıl enerji, rəqəmsal idarəetmə və sosial rifah prinsipləri üzərində qurulur. Bu, dövlətin müharibədən sonrakı mərhələdə humanist və gələcəyə yönəlik inkişaf modelinə keçidinin bariz nümunəsidir. Azərbaycanın Qələbəsi təkcə döyüş meydanında deyil, həm də diplomatik müstəvidə qazanılmış uğurların nəticəsidir. Prezident cənab İlham Əliyevin balanslaşdırılmış, çoxvektorlu və milli maraqlara əsaslanan xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırdı. Vətən müharibəsi dövründə Azərbaycanın informasiya müharibəsindəki üstünlüyü, beynəlxalq təşkilatlarda və aparıcı dövlətlər qarşısında hüquqi və siyasi arqumentlərlə əsaslandırılmış mövqeyi regionda tamamilə yeni reallıq yaratdı. Bu reallıq “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” prinsipinin beynəlxalq səviyyədə qəbul olunması ilə nəticələndi. Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və “Yaşıl Enerji Məşvərət Şurası” kimi təşəbbüslər Azərbaycanın regional və qlobal miqyasda strateji iqtisadi rolunu daha da möhkəmləndirir. Azad edilmiş ərazilərdə yaradılan sənaye parkları, logistika mərkəzləri və aqrotexnoparklar həm iqtisadi, həm də sosial rifahı təmin edir. Azərbaycan “müharibədən sonra inkişaf edən iqtisadiyyat” modelini reallığa çevirən nadir ölkələrdən biridir. Zəfər Günü eyni zamanda Azərbaycan xalqının mənəvi dirçəlişinin və milli kimliyinin təntənəsidir. Qələbə təkcə torpaq üzərində deyil, həm də ruh, inam və birlik üzərində qazanıldı. Şəhidlərimizin əziz xatirəsi, qazilərimizin fədakarlığı və xalqın səfərbərliyi bu Zəfərin əsl mənəvi dayağıdır. Azərbaycan dövləti bu qəhrəmanlıq ənənəsini gənc nəslin milli dəyərlərlə böyüməsində prioritet istiqamət kimi müəyyən edib. “Zəfər tarixi” dərsləri, “Şəhid ailələrinə dəstək proqramları”, “Qarabağ Dirçəliş Fondu” kimi təşəbbüslər bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasətinin göstəricisidir. 44 Günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi, Böyük Qayıdışın başlanğıcı və Zəfər dövrünün ideoloji təməli oldu.
Zərdab Rayon ağsaqqalı-Babək Əliyev.
























