Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib
Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yenidən qurulan, zirvələri fəth edən Azərbaycan son 21 ildən artıq dövrdə bu xəttin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində özünü dünyaya qalib, bütövləşən ölkə kimi təqdim etdi. Bu fikir beynəlxalq səviyyədə xüsusi qeyd olunur ki, Azərbaycan xarici siyasətinin dəyişməz prinsipləri əsasında mövqeyini daha da möhkəmləndirir, etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanır. Dövlətimizin qarşılıqlı etimada, hörmətə əsaslanan siyasəti daim davamlı uğurlara yol açır.
Dövlət başçısı cənab İlham Əliyev aprelin 21-də Çinin Sinxua agentliyinə müsahibəsində ötən ilin iyulunda Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ÇXR) arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə söykənərək bildirdi ki, strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq.
Azərbaycan-Çin strateji tərəfdaşlığı qlobal əməkdaşlığa çevrilir. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Bu baxımdan Çin Xalq Respublikası ilə Azərbaycanın yüksələn xətlə inkişaf edən əlaqələri hazırda geniş müzakirə olunur. Çin öz növbəsində dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi ilə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir. Artıq Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində bunu rəqəmlər əsasında diqqətə çatdırdı. Belə ki, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bu rəqəmlər bir daha sübut edir ki, Çin həqiqətən Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.
Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərində mühüm yer tutur. Bu əlaqələrin genişləndirilməsi və mövcud problemlərin həlli məqsədilə 2009-cu ilin mayında birgə Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. 2012-ci ildə Pekində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Həmçinin Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olaraq beynəlxalq iqtisadi layihələrə daha sıx inteqrasiya edib. Azərbaycanın Çinin “Kəmər və yol” təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir. Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsini və tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirib.
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova