Cəbrayılın azad edilməsindən sonra daha da qorxuya düşən düşmən
İkinci Qarabağ savaşı zamanı böyük sevinc gətirən, ilk işğaldan azad edilmiş iri şəhərlərdən biri Cəbrayıldır. Azərbaycan Ordusu şimal və mərkəzdən əks-hücum əməliyyatına keçsə də, döyüşlərin inkişaf istiqaməti cənub bölgəmiz – Cəbrayıl, Zəngilan olub: “Bu istiqamət bizim üçün daha uğurlu idi. Hər bir döyüşün əhəmiyyəti böyükdür, çünki Azərbaycan Ordusunun Vətən müharibəsi əməliyyatlarını bir-birindən ayırmaq olmaz, bunlar zəncirvari, bir-birinə təsir edən, bağlı olan döyüşlərdir. Şimal və mərkəz istiqamətində gedən döyüşlər düşmənin ehtiyat qüvvələrinin böyük hissəsini burada saxlamaqla, Cəbrayıl şəhərinin və ətrafdakı yaşayış məntəqələrinin azad edilməsində mühüm rol oynadı. Digər tərəfdən Cəbrayıl rayonunun və Hadrutun azad edilməsi Şuşaya açılan qapı idi. Məhz bu istiqamətdə gedən döyüşlərin əhəmiyyəti həddindən çox idi”.
Cəbrayılın azad edilməsi Azərbaycan Ordusunu döyüşləri daha da geniş, istiqamətləndirilmiş şəkildə inkişaf etdirməyə kömək etdi: “Düzənlik ərazi olduğundan texnikaların o istiqamətdə sürətlə irəliləməsi, ərazi baxımından əlverişli mövqelərin ələ keçirilməsinin növbəti döyüşlərin aparılmasına müsbət təsiri danılmazdır. Cəbrayıl şəhərinin azad edilməsi bizim üçün psixoloji dəstək kimi qəbul olunmalıdır, çünki 30 il işğal altında qalan torpağın, böyük şəhərin ilk olaraq azad edilməsi döyüşdə olan hərbçiləri daha da ruhlandırdı, onların inamını artırdı”.
Cəbrayılın azad edilməsindən sonra düşmən tərəfdə fərarilik halları artıb. Onlar döyüş mövqelərini atıb qaçmağa başlayıblar. Ermənistanda elan olunan səfərbərlik də demək olar ki, heç bir nəticə verməyib.
Müzəffər Ali Baş Komandan İlham Əliyev həm siyasi arenada, həm də sərkərdə kimi öz məharətini göstərdi. Çünki bütün qərarları Ali Baş Komandan verirdi: “Bütün istiqamətlər təhlil edilərək verilən doğru qərarların Azərbaycan Ordusu tərəfindən praktiki yerinə yetirilməsi onu göstərir ki, Ali Baş Komandan müharibəni məharətlə idarə edərək bizi qələbəyə gətirib çıxartdı. Hər şey mərkəzdən idarə olunur, əgər mərkəzdən yanlış qərarlar verilərdisə, qələbəni belə qısa zamanda qazana bilməzdik. Düzgün təhlillər, komanda mərkəzində qəbul olunmuş doğru qərarlar orduya üstünlüyü həmişə saxlayaraq düşməni qovmağa, darmadağın etməyə imkan verdi. Ordunun müasir silahlarla təchiz olunması da burada böyük rol oynadı. Ona görə ki, müasir silahlar hələ yaxın təmasda olmadan düşmənin bütün istiqamətlərdə texnika və hədəflərini darmadağın edərək, şəxsi heyət arasında itkilərin minimuma endirilməsinə kömək etdi. Proqnozlara görə, itkilərin qat-qat çox olması gözlənilirdi”.
Bu gün böyük dövlətlərin ali hərbi məktəblərində Azərbaycanın XXI əsrin tələblərinə cavab verən, müasir müharibə aparması təcrübəsi öyrənilir. Təcrübədə şəxsi heyət arasında itkiləri minimuma gətirə biləcək amillərə xüsusi diqqət yetirilir.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı