Bütün başqa məsələlərdə də biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk.
Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu gün dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətlərindəndir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursunun yaratdığı reallıqlar nəticəsində Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi imkanlara malik ölkə kimi tanınır. Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr mövcuddur, bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə Azərbaycan-Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir.
Prezident cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda deyib: “Biz dost ölkələrik, strateji tərəfdaşıq. Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”. Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən olan Macarıstan Respublikası ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyib. Həmin dəstək 44 günlük Vətən müharibəsi dövründə də, indi də davam edir. İki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaq, investisiya qoyuluşunu artırmaq, podrat layihələrində iştirak etmək imkanları kifayət qədər genişdir. Azərbaycan zəngin resurslara malik olan ölkədir. Azərbaycan Avropanın mavi yanacağa artan tələbatını qarşılamağa hazır və qadir ölkədir. Azərbaycan və Macarıstan arasında əməkdaşlıq yalnız iqtisadi əlaqələrlə məhdudlaşmır. İki ölkə arasında humanitar sahədə əməkdaşlığın hazırkı səviyyəsi məmnunluq doğurur. Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində hər il azərbaycanlı və macar tələbələrə təhsil təqaüdləri ayrılır. Bu, həm də iki ölkə arasında dostluq əlaqələrinin, qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunun daha da möhkəmlənməsinə səbəb olur. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq, Azərbaycan-Macarıstan əlaqələrində yeni mərhələ olacaq.
Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktor müavini, baş həkim