Bu gün ucaldılan Xocalı Soyqırımı Memorial Kompleksi şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsidir
İki il bundan əvvəl Xocalı Soyqırımı Memorial Kompleksinin təməli qoyulmuşdur. Bu gün isə həmin müqəddəs məkanda Memorial Kompleksin açılışı münasibətilə toplaşmışıq. Bu kompleks təkcə bir abidə deyil, həm də xalqımızın ağrısının, ədalət çağırışının və tarixi yaddaşının rəmzidir.
Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən ağır və qanlı cinayətlərdən biridir. Bu faciə yalnız Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa və bəşəriyyətə qarşı yönəlmiş vəhşilik aktıdır. 1992-ci ilin fevral ayında bir gecə ərzində 600-dən çox günahsız mülki şəxs amansızlıqla qətlə yetirilmişdir. Onların arasında 106 qadın və 63 uşaq olmuşdur. 150 nəfər isə itkin düşmüş, sonrakı illərdə işğaldan azad olunmuş ərazilərdə onların bəzilərinin qalıqları aşkar edilərək torpağa tapşırılmışdır.
Xocalı faciəsi öz miqyasına və qəddarlığına görə XX əsrin ən dəhşətli hadisələrindən biri kimi tarixə düşmüşdür. Dinc əhaliyə qarşı törədilən bu cinayət beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Günahsız insanların yalnız milli mənsubiyyətinə görə hədəfə alınması soyqırımı siyasətinin açıq təzahürü idi.
Bu gün ucaldılan Xocalı Soyqırımı Memorial Kompleksi şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsidir. Eyni zamanda bu abidə gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaq, ədalətin bərqərar olunması üçün səyləri davam etdirmək məqsədi daşıyır. Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq, onların faciəsi heç vaxt unudulmayacaqdır.
Tarixi unutmaq yeni faciələrə yol aça bilər. Buna görə də Xocalı soyqırımının həqiqətlərinin dünyaya çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur. Memorial Kompleks isə bu həqiqətlərin əbədi yaşadılmasının simvoludur.
Xocalı şəhidlərinin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirik.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru


























