Bu gün Azərbaycan xalqının yaddaşına həkk olunacaq.
Prezident İlham Əliyevin Vaşinqtona etdiyi işgüzar səfərin diqqətçəkən hadisələrindən biri də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən tarixi Sammit olub. Bu görüşün yekununda Azərbaycan və Ermənistan liderləri, ABŞ Prezidenti isə şahid qismində Birgə Bəyannaməni imzalayıblar. Bəyannamə Azərbaycanın uzun illər ərzində irəli sürdüyü sülh təşəbbüsünün beynəlxalq səviyyədə geniş dəstəklə qarşılandığını və rəsmən qəbul olunduğunu nümayiş etdirir. Sözügedən sənəd həm regionda sülhün bərqərar olması üçün vacib siyasi çərçivədir, həm də gələcək qarşılıqlı anlaşmanın əsasını təşkil edir. Həmçinin, sənəddə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması da mühüm dönüş nöqtəsi kimi əksini tapıb. Bu razılaşma imzalanmaq və ratifikasiya olunmaq üçün əlavə tədbirlərin görülməsini tələb edir. Vaşinqton Sammitində, həmçinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinin rəsmən dayandırılması qərara alınıb. Hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanan ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu bu mexanizmin fəaliyyətinin bağlanmasını rəsmiləşdirib. Minsk Prosesi uzun illər sülh danışıqlarının əsas platforması olmasına baxmayaraq nəticə verməmiş, artıq əvəzinə vaxtilə yeni və effektiv mexanizmlərin tətbiqi tələb olunub. Bu qərar regionda sülhün və stabilliyin təminatı üçün yeni mərhələnin başlanğıcıdır. Bundan başqa, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlı xüsusi nəqliyyat və əlaqə layihəsi Ermənistan ərazisində həyata keçiriləcək. Həmin layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməyi hədəfləyir və ABŞ tərəfindən dəstəklənir. Bu marşrut regionda nəqliyyat və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayacaq, həmçinin dövlətimizin ərazi bütövlüyünün daha da möhkəmləndirilməsinə töhfə verəcəkdir. Səfər çərçivəsində Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi məqsədilə mühüm sənədlər imzalanıb. Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması buna nümunədir. Həmin qrupun fəaliyyəti enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi prioritet sahələrdə qarşılıqlı əməkdaşlığı gücləndirməyə yönəlib. Bu, Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin daha sistemli və uzunmüddətli şəkildə inkişaf etdirilməsi üçün vacib addımdır. Strateji İşçi Qrupunun fəaliyyəti iki ölkənin müxtəlif sahələrdə sinerji yaratmasını, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməsini təmin edəcək. ABŞ Prezidenti Donald Tramp 1992-ci ildən qüvvədə olan və Azərbaycan-ABŞ münasibətlərində məhdudlaşdırıcı rol oynayan Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə Sərəncam imzalayıb. Bu qərar Azərbaycan diplomatiyası üçün böyük əhəmiyyət daşıyır və iki ölkə arasındakı münasibətlərin inkişafında yeni mərhələ açır. Həmin addım iki ölkə arasında etimad və strateji əməkdaşlığın möhkəmlənməsinə güclü stimul verir.
Zərdab Rayon ağsaqqalı-Babək Əliyev.