Bölgələrdə məşğulluq məsələsinin həlli də əsas prioritetlərdən biridir.
Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Cənab İlham Əliyev vurğuladı ki, ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başa düşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Dövlətimizin başçısı bu tələbi qarşıya qoydu ki, yerlərdəki rəhbərlər iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir.
Cənab İlham Əliyev bölgələrdə ekoloji tarazlığın qorunmasının da diqqət göstərilən məsələlər sırasında olduğunu bildirdi. “Bizim bölgələrimizdə prinsip etibarilə ekologiya ilə bağlı ciddi problemlər yoxdur. Əsas problemlər Bakı şəhərində idi ki, biz bunu uğurla həll edirik. Bakının yeni mənzərəsi bunun əyani sübutudur” söyləyərək bu məqamı da xüsusi qeyd etdi ki, vaxtilə burada ekoloji fəlakət hökm sürürdü. Həm Bakı, həm Sumqayıt ekoloji cəhətdən ən çirklənmiş şəhərlər hesab olunurdu. Bu gün isə bu, belə deyil. Bu gün Bakı, Sumqayıt parklar şəhərləridir. Biz köhnəlmiş müəssisələri köçürdük, neftlə çirklənmiş yerləri abadlaşdırdıq, rekultivasiya etdik, parklar saldıq. Qara şəhəri Ağ şəhərə çevirdik. Bölgələrdə isə əlbəttə ki, ekoloji tarazlığın təmin edilməsi üçün, necə deyərlər, başqa üsullar var. Qanunsuz fəaliyyəti məhdudlaşdırmaq, aradan qaldırmaq üçün müvafiq göstərişlər verildi.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

























