Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir
2030-cu ilə qədər qlobal iqtisadiyyatın 70%-nin rəqəmsal texnologiyalardan ibarət olacağı gözlənilir. Bu reallıq fonunda Azərbaycan son illərdə rəqəmsallaşma istiqamətində mühüm addımlar atmaqdadır. Dövlət xidmətləri, maliyyə sektoru, modern infrastruktur kimi geniş spektri əhatə edən rəqəmsal transformasiya artıq ölkənin inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. Cənab Prezidentin də söylədiyi kimi, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı ölkəmizə strateji istiqamətdə real üstünlüklər qazandıracaq. Bu konsepsiya dövlət informasiya sistemlərinin inteqrasiyasını, məlumatların vahid platformada idarə olunmasını və süni intellekt həllərinin tətbiqini nəzərdə tutur. Xüsusilə Azərbaycanın coğrafi mövqeyi, makroiqtisadi və siyasi sabitlik, texnologiyaya açıq əhali, dövlət səviyyəsində rəqəmsallaşmanın prioritet olması bu sahədə böyük potensial yaradır. Ölkənin regional tranzit mərkəzinə çevrilməsi planları da rəqəmsal logistika və məlumat axınının inkişafını zəruri edir. Rəqəmsal transformasiya yalnız proqram təminatı ilə məhdudlaşmır. Fiber-optik internet şəbəkəsinin genişləndirilməsi, mobil rabitə texnologiyalarının inkişafı ölkənin texnoloji infrastrukturunu möhkəmləndirir. Prezident cənab İlham Əliyev də bildirib ki, “Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edili. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində işləməliyik”.
Bununla yanaşı, kibertəhlükəsizlik, rəqəmsal savadlılığın artırılması və innovasiya mühitinin daha da genişləndirilməsi əsas hədəflər sırasındadır. Vahid fəaliyyət planı dövlət idarəçiliyində yeni keyfiyyət dəyişiklikləri yaradacaq, inteqrasiya olunmuş sistemlər qərarverməni daha sürətli edəcək. Həmçinin dövlət qurumları arasında informasiya təkrarlanması azalacaq, kağız sənəd dövriyyəsi minimuma enəcək, şəffaflıq və hesabatlılıq artacaq. Nəticə etibarı ilə daha çevik və effektiv dövlət modeli formalaşacaq.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


























