Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik.
Azərbaycan Respublikası müstəqilliyinin ikinci yarısından sonra iqtisadiyyatın müxtəlif sahələrində çox ciddi uğurlar əldə etmişdir. Ölkəmiz iqtisadi göstəricilər üzrə bir çox nüfuzlu dövlətləri qabaqlamışdır. Azərbaycan xarici investisiyalar üçün cəlbedici və çoxşaxəli enerji əməkdaşlığı üçün böyük imkanlara malik ölkə kimi dəyərləndirilib.
Azərbaycan və Avropa ölkələri arasında energetika sahəsində əməkdaşlıq imkanları daim genişləndirilir. Azərbaycan hər zaman bərpa olunan enerji mənbələrinin istifadəsində maraqlı olmuş, bu sahədə çox ciddi addımlar atmışdır. Digər tərəfdən Azərbaycan zəngin neft-qaz yataqlarının istismarında, bu sahədən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yatırılmasında maraqlıdır. Bu sahədə bir sıra ciddi tədbirlər görülmüşdür. Azərbaycan Respublikası öz enerji təhlükəsizliyini tam təmin etmişdir. İndi Azərbaycan Avropaya enerji resurslarının ixracını təmin edən əsas fiqurlardan biridir. TAP və TANAP layihəsi üzrə görülən işlər bu gün Avropanın mavi yanacaqla təmin etmişdir.
Cənab Prezident İlham Əliyevin cari ilin 3 fevral tarixində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında qeyd etmişdir ki, “Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışım zamanı mən iştirakçılara məlumat verdim ki, o zaman biz səkkiz ölkəyə təbii qaz ixrac edirdik. Bu gün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil”
Son illər Azərbaycanda GES və KES-lərin yaradılması enerji ixracının artırılmasına xidmət edir. Azərbaycanın müəllifi olduğu enerji layihələri dünyanın yeni enerji xəritəsinin yaranmasına səbəb olmuşdur. Azərbaycan bu sahədə ən funksiyalı subyekt kimi çıxış etməkdədir.
Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi