Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ötən həftə Vaşinqtona etdiyi işgüzar səfər bütün siyasi çevrələrdə çox düzgün olaraq respublikamızın diplomatiya tarixinin ən mühüm hadisələrindən biri kimi nəzərdən keçirilir. Azərbaycanı bir daha dünyaya yaxından tanıdan, onun beynəlxalq nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirən, Azərbaycanla Ermənistan arasında aparılan sülh prosesini hüquqi baxımdan gücləndirən bu səfər diplomatiyamızın parlaq siyasi triumfu kimi tarixə düşdü.
Prezident cənab İlham Əliyevin səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni inkişaf mərhələsinin əsasını qoydu. Məlum olduğu kimi C. Baydenin ABŞ-a rəhbərlik etdiyi dövr istisna olmaqla, Bakı ilə Vaşinqton arasında münasibətlər normal axarda davam edib. İki dövlət enerji sferasında, beynəlxalq terrorçuluğa qarşı mübarizədə və digər sahələrdə fəal və səmərəli əməkdaşlıq həyata keçiriblər. Donald Trampın ABŞ-a birinci rəhbərliyi dövründə – 2020-ci ildə Azərbaycan ərazilərini döyüş yolu işğaldan azad edib və o zaman Ağ Ev bununla bağlı ümumən neytral mövqe nümayiş etdirib.
Lakin Baydenin rəhbərliyi dövründə Azərbaycan-ABŞ münasibətlərində dərin siyasi böhran yaranmışdı. Xüsusən antiterror əməliyyatlarından sonra Bayden-Blinken administrasiyası Azərbaycanın yaratdığı reallıqlara qarşı çıxır, respublikamızı Ermənistana hərbi təcavüz cəhdində ittiham edirdi. Azərbaycanın guya Ermənistana hücum edəcəyi ilə bağlı şayiələri yayan siyasi ünvanlardan biri məhz Bayden-Blinken administrasiyası idi. Vaşintonda Azərbaycan media nümayəndələrinin suallarını cavablandıran Prezident cənab İlham Əliyev bu barədə söz açaraq deyib: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi məsələsinə gəlincə deməliyəm ki, son beş ildə müxtəlif ölkələrin liderlərindən nə qədər şayiələr və təxribatlar eşitdik. Guya Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır, guya həmin ərazini güc yolu ilə ələ keçirmək niyyətindədir. Bizim bütün bunlar barədə təkzib mesajlarımız işə yaramadı, çünki bu təsəvvür artıq formalaşdırılmışdı, o cümlədən burada – Vaşinqtonda”.
Bayden administrasiyasının dövründə Azərbaycandan rəsmi nümayəndə heyətlərinin ABŞ-yə səfərlərinə məhdudiyyət tətbiq edilmişdi. Hətta ABŞ-də müxtəlif səviyyələrdə Azərbaycana qarşı sanksiyaların da tətbiq olunması barədə təşəbbüslər səslənirdi. Bunların hamısı Azərbaycanı öz haqq yolundan döndərmək niyyəti daşıyırdı. Belə hallarla biz müstəqillik tariximizdə çox rastlaşmışıq. Lakin tarixi reallıqlar həm də ondan xəbər verir ki, Azərbaycanı öz yolundan döndərmək mümkün deyil. Bu baxımdan qürurla qeyd etməliyik ki, Bayden administrasiyasının anti-Azərbaycan fəaliyyətinin qarşısında rəsmi Bakı heç vaxt geri çəkilmədi və qətiyyətli siyasət yürüdərək milli maraq və mənafelərini layiqincə təmin etdi.
Artıq ABŞ rəhbərliyi dəyişib və ölkənin yeni administrasiyasının fəaliyyətinin fonunda özünü qabarıq göstərən həm də Ağ Evin dəyişən siyasətidir. Başqa cür desək, yeni administrasiya ABŞ milli maraqlarını dünyada ciddi şəkildə zədələyən yanlış siyasətdən imtina edib. Bu ilin əvvəlində USAİD-in bağlanması da təsdiqləyir ki, Tramp administrasiyası bu cür fəaliyyət mexanizmlərini qəbul etmir.
D.Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra Bakı ilə Vaşinqton arasında Bayden administrasiyasının Azərbaycana qarşı qərəzli münasibəti səbəbindən donmuş vəziyyətə düşən siyasi əlaqələr də yenidən canlanmağa başladı.
Prezident cənab İlham Əliyevin D.Trampın dəvəti ilə ABŞ-yə avqustun 7-8-də etdiyi səfər deyilənlərin əyani təsdiqi oldu. Səfər zamanı imzalanan sənədlər qeyd etdiyim kimi Azərbaycan-ABŞ münasibətlərinin inkişafında yeni keyfiyyət mərhələsinin başlanmasını nümayiş etdirir. Bu sırada iki ölkənin prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nu xüsusi qeyd etməliyik. Azərbaycanla ABŞ arasında qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət Anlaşma Memorandumuna əsasən Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Ağ Evdə mətbuata bəyanatla çıxışında Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın artıq başladığını bildirərək deyib: “Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. Eyni zamanda, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur”.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova