“Biz birlikdə güclüyük!” ideyası bu gün də cəmiyyətimizi irəli aparan, gələcəyə inamla baxmağımıza stimul verən əsas gücdür
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı müasir Azərbaycan cəmiyyətinin həmrəyliyini, milli iradəsini və qalib ruhunu ifadə edən əsas ideoloji çağırışdır. Bu çağırış təkcə bir siyasi mesaj deyil, həm də xalqla dövlət arasında möhkəm etimadın, qarşılıqlı dəstəyin və ümumi məqsədlər naminə birliyin rəmzidir.
Dünya miqyasında baş verən iqtisadi böhranlar, qlobal pandemiya, regional münaqişələr və beynəlxalq təzyiqlər fonunda Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən çevik, düşünülmüş və xalqın maraqlarına söykənən siyasət ölkəmizin sabitliyini və inkişafını təmin etmişdir. Dövlət başçısının hər zaman xalqa arxalanması, xalqın da öz liderinə güvənməsi Azərbaycanda misilsiz milli birliyin formalaşmasına səbəb olmuşdur.
2018-ci il prezident seçkiləri və 2020-ci il parlament seçkilərindən sonra ölkəmizdə başlanan genişmiqyaslı islahatlar yeni, daha dərin və sistemli mərhələyə qədəm qoymuşdur. İdarəetmədə şəffaflığın artırılması, sosial rifahın yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və dövlət-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bu islahatların əsas istiqamətlərini təşkil edir. Bu mütərəqqi proses bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl və qətiyyətlə davam etdirilir.
Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik “Biz birlikdə güclüyük!” şüarının real həyatda təcəssümü oldu. Ordumuzun qəhrəmanlığı, xalqın mənəvi dəstəyi və Ali Baş Komandanın qətiyyətli liderliyi tarixi Zəfərin əsas amilləri kimi yadda qaldı.
Bu gün Azərbaycan güclü dövlət, müstəqil siyasət yürüdən, regionda söz sahibi olan ölkə kimi tanınır. Əldə edilən bütün uğurların təməlində isə milli birlik, dövlətçilik ənənələrinə sadiqlik və Prezident İlham Əliyevin uzaqgörən siyasəti dayanır. Məhz bu birlik və həmrəylik sayəsində Azərbaycan qarşısında duran bütün çağırışların öhdəsindən inamla gəlir.
“Biz birlikdə güclüyük!” ideyası bu gün də cəmiyyətimizi irəli aparan, gələcəyə inamla baxmağımıza stimul verən əsas gücdür.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru

























