Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının oktyabrın 1-də açılışı oldu
İtaliya Prezidenti Sercio Mattarellanun bu günlərdə ölkəmizə səfəri çərçivəsində mətbuata verilən bəyanatlar Azərbaycan-İtaliya münasibətlərinin yeni mərhələsinin anonsu oldu. Enerji, sənaye, humanitar və təhsil sahələrində artan dinamika bu tərəfdaşlığı daha da gücləndirir. Artıq iki ölkə arasındakı enerjidən təhsilə doğru əməkdaşlığın yeni üfüqləri açılıb. Azərbaycanın Avropa İttifaqı ilə elektrik enerjisi ixracı üzrə apardığı danışıqlar strateji əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Prezident cənab İlham Əliyev də bəyan etdi ki, TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq.
Eyni zamanda, münasibətlərin humanitar ölçüsü də genişlənir. İtaliya-Azərbaycan Universitetinin təsis olunması dostluğun davamlılığını təmin edən mühüm addımdır. Bakı-Roma münasibətləri təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı dialoquna da mühüm dəstək verir. Prezident cənab İlham Əliyev bu barədə dedi: “Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər”. Qürurla demək olar ki, Azərbaycan-İtaliya münasibətləri nümunəvi modelə çevrilib. Bu tərəfdaşlıq təkcə ikitərəfli münasibətlər çərçivəsi ilə məhdudlaşmır, həm də regional və qlobal miqyasda örnəkdir. Bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir nümunə ola bilər. İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə dəstək verməsi bu münasibətlərin strateji əhəmiyyətini daha da artırır.
Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc