image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-583996043_1390687485744359_7313108958287983048_n

Azərbaycanla Özbəkistan arasında qurulan müttəfiqlik münasibətləri

image-legitimaz-810x90

Azərbaycanla Özbəkistan arasında qurulan müttəfiqlik münasibətləri

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə regionda formalaşan yeni geosiyasi reallıqların dərin təhlilini nümayiş etdirir. Bu müsahibə, həmçinin artıq Türk dünyasını birləşdirən geniş əməkdaşlıq modelinin əsas istiqamətlərini ortaya qoyur. Sözügedən məsələlər yalnız iki ölkə arasındakı münasibətləri deyil, həm də Mərkəzi Asiya və Xəzər hövzəsində strateji tərəfdaşlığın gələcəyini aydın şəkildə təcəssüm etdirir.

Azərbaycan və Mərkəzi Asiya dövlətləri ortaq tarixi kökləri, mədəni irsi və etnik yaxınlığı ilə böyük bir geosiyasi məkanı formalaşdırır. Xəzər dənizi hər iki tərəfin fiziki sərhədlərini ayırsa da, əslində, bu regionun ən mühüm birləşdirici amilidir. Müsahibədə dövlətimizin başçısının vurğuladığı kimi, bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə dövlət başçısının üçüncü dəfə iştirakı da bu əməkdaşlığın ardıcıl və uzunmüddətli siyasi xəttə çevrildiyini göstərir. 2023-cü ildə Düşənbə və 2024-cü ildə Astanada keçirilən görüşlərdən sonra növbəti iclasın Daşkənddə keçirilməsi regional məsləhətləşmə mexanizminin artıq institusional xarakter aldığını nümayiş etdirir.

Müsahibənin mühüm məqamlardan biri Azərbaycanla Özbəkistan arasında qurulan müttəfiqlik münasibətləri ilə bağlıdır. Bu əməkdaşlığın təməlində ortaq mədəni dəyərlər, mənəvi əlaqələr, dil və etnik yaxınlıq dayanır. Lakin bu münasibətləri daha da gücləndirən əsas amillərdən biri iki dövlət başçısı arasında formalaşmış şəxsi etimad və səmimi dostluqdır. Son illər ərzində qarşılıqlı çoxsaylı dövlət səfərləri artan dinamika ilə inkişaf edən münasibətlərin real yüksəlişindən xəbər verir. Həm Bakıda, həm də Daşkənddə imzalanan sənədlər – Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digərləri gələcək əməkdaşlıq üçün yol xəritəsini müəyyən edir.

Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstək xüsusi minnətdarlıqla qeyd olunur. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası həm humanitar həmrəylik, həm də qardaş ölkənin siyasi dəstəyinin təzahürüdür. Müsahibədə dövlətimizin başçısı “Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik”, – deyə vurğulayıb.

 

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki