Azərbaycanın Türk dünyasının birliyinə töhfələri davamlıdır
Oktyabrın 7-də Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusunda Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü keçirildi. Bu Zirvə Görüşü çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları bir araya gələrək, ötən il Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündən ötən dövr ərzində Türk dünyasının birliyi istiqamətində atılan addımları, təşkilatın beynəlxalq nüfuzunun artırılmasına yönələn səyləri, əldə olunmuş nailiyyətləri müzakirə etdi və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdilər. Zirvə Görüşünün sonunda qəbul olunan Bəyannamə Türk Dövlətləri Təşkilatının siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirdi. Təbii ki, keçirilən hər bir Zirvə Görüşü ötən dövrün təhlilini bir zərurət kimi qarşıya qoyur. Bu baxımdan qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənir. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qurucu dövlətlər olub. Sonradan Özbəkistan 2019-cu ildə təşkilata üzv qəbul edilib. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası müşahidəçi üzv qəbul ediliblər. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına Türk Dövlətləri Təşkilatının müşahidəçi statusu verilib. Təşkilatın XII Zirvə Görüşü artıq tarixə yazıldı. Qəbələ şəhərindən Türk dünyasının birliyinin dünyaya çatdırılması bir daha bu həmrəyliyin gücləndirilməsinin Azərbaycanın xarici siyasətində prioritet olduğunu təsdiqlədi. Zirvə Görüşündə çıxışını “Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz. Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi” fikirləri ilə başlayan dövlətimizin başçısı İlham Əliyev tədbirin məhz bu məkanda keçirilməsini şərtləndirən amilləri diqqətə çatdırdı”.
Təşkilatın digər üzvləri də Azərbaycanın bu birlikdə lokomotiv funksiyasını yerinə yetirdiyini təsdiqləyirlər: “Ölkəmiz təşkilat çərçivəsində siyasi təşəbbüslərlə çıxış edir, yeni əməkdaşlıq sahələri yaradır və ortaq layihələrin maliyyələşdirilməsində, idarə olunmasında fəal iştirak edir. Prezident İlham Əliyevin təşəbbüsləri Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir. Məhz bu təşəbbüslər nəticəsində təşkilat formal birlikdən real təsir gücünə malik beynəlxalq təşkilata çevrilib. Ötən ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın ideoloji liderlik missiyasını və Türk Dövlətləri Təşkilatının vahid siyasət mexanizminə ehtiyac duyduğunu bir daha göstərdi. Prezident İlham Əliyev həmin Zirvə Görüşündə bildirdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu çağırış türk dövlətlərinin qarşısında yalnız regional deyil, qlobal miqyasda tarixi hədəf qoydu. Ötən ilin noyabrında Bişkekdə keçirilən XI Zirvə Görüşü və 2025-ci ilin mayında Budapeştdə qeyri-rəsmi Zirvə Görüşü də təşkilatın inkişafına mühüm töhfə oldu”.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı