Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir
Şuşa Qlobal Media Forumunun Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi təkcə beynəlxalq media əməkdaşlığının inkişafı baxımından deyil, həm də ölkənin artan beynəlxalq nüfuzunun, siyasi sabitliyinin və qlobal dialoq məkanı kimi formalaşmasının bariz göstəricisidir. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu media rəhbərlərinin, jurnalistlərin, ekspertlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Qarabağda bir araya gəlməsi Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş və mühüm dialoq platforması kimi qəbul edildiyini nümayiş etdirir. Belə mötəbər auditoriyanı məhz Qarabağda, xüsusilə də Şuşada qəbul etmək həm böyük şərəf, həm də yüksək məsuliyyət ifadə edir. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışında səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanın məqsədi yalnız beynəlxalq tədbir keçirmək deyil, eyni zamanda qonaqlara işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma prosesini yerində göstərmək, regionda formalaşan yeni reallıqları obyektiv şəkildə təqdim etməkdir. Bu baxımdan Forum iştirakçılarının Qarabağa səfəri informasiya mübadiləsinin etibarlı mənbələr əsasında qurulmasına, dezinformasiyanın qarşısının alınmasına və beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılmasına xidmət edir.Şuşanın belə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi şəhərin tarixi-mədəni statusu ilə yanaşı, onun siyasi və diplomatik əhəmiyyətinin də artdığını göstərir. Azərbaycan dövləti qısa müddət ərzində Şuşada müasir infrastruktur yaratmış, beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili üçün zəruri şərait formalaşdırmışdır. Bu isə ölkənin təşkilatçılıq potensialını, təhlükəsizlik imkanlarını və beynəlxalq tədbirlərin keçirilməsi sahəsində qazandığı təcrübəni nümayiş etdirir.Mötəbər auditoriyanın Qarabağda toplaşması həm də Azərbaycanın həyata keçirdiyi “yumşaq güc” siyasətinin mühüm elementidir. Müxtəlif ölkələrdən gələn media nümayəndələrinin Şuşada aparılan quruculuq işlərini, bərpa olunan tarixi və dini abidələri, müasir yaşayış məntəqələrini və qayıdış prosesini öz gözləri ilə görməsi beynəlxalq informasiya məkanında obyektiv yanaşmanın güclənməsinə mühüm töhfə verir. Bu, informasiya diplomatiyasının ən təsirli vasitələrindən biri kimi Azərbaycanın həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. Şuşa Qlobal Media Forumunun hər il daha geniş beynəlxalq auditoriyanı cəlb etməsi təsdiq edir ki, Azərbaycan artıq regional deyil, qlobal əhəmiyyət daşıyan tədbirlərin keçirildiyi etibarlı mərkəzlərdən birinə çevrilmişdir. Dünyanın onlarla ölkəsini təmsil edən media qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin məhz Şuşada bir araya gəlməsi şəhərin beynəlxalq dialoq məkanı kimi nüfuzunu daha da möhkəmləndirir və Qarabağın sülh, əməkdaşlıq və inkişaf regionu kimi formalaşmasına xidmət edir. Azərbaycanda, Qarabağda və xüsusilə Şuşada belə nüfuzlu beynəlxalq auditoriyanı qəbul etmək dövlətin artan beynəlxalq nüfuzunun, uğurlu xarici siyasət kursunun və yüksək təşkilatçılıq imkanlarının təzahürüdür. Bu, təkcə Azərbaycan üçün böyük şərəf deyil, həm də ölkənin qlobal informasiya məkanında etibarlı tərəfdaş, Şuşanın isə beynəlxalq media diplomatiyasının və sivilizasiyalararası dialoqun mühüm mərkəzlərindən biri kimi mövqeyinin daha da möhkəmlənməsinin göstəricisidir.
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Kərimova Ülviyyə Mayis qızı


























