Son illər Azərbaycanda enerji sektorunun inkişafı ilə bağlı kifayət qədər böyük işlər görülüb. Ölkəmizdə nəhəng enerji obyektləri tikilib, xarici ölkələrlə enerji sahəsində əməkdaşlıq əlaqələri genişlənib, bir sıra beynəlxalq təşkilatlarla enerji istiqamətində əhəmiyyətli müqavilələr imzalanıb. Sözsüz ki, bu siyasətin davamlı və etibarlı şəkildə yürüdülməsi ölkənin enerji təhlükəsizliyinin təmin olunması prosesinə töhfə xarakteri daşıyır. Bu layihələr bir tərəfdən Azərbaycanın iqtisadi potensialı ilə bağlı aydın mənzərə, digər tərəfdən demoqrafik cəhətdən inkişafda olan Azərbaycanın sosial siyasətinin möhkəm bünövrəsi üçün zəmin yaradır. Məlumdur ki, Azərbaycan istehsal etdiyi enerjini təkcə ölkənin daxili istifadəsinə yönəltmir, həm də ixracatçı kimi çıxış edir.
Sözsüz ki, ölkəmizin enerji potensialı davamlı olaraq artır. Hər il açılışı olan obyektlər, imzalanan müqavilələr bunu sübut edir. Bu artıma olan optimizm bugünə, sabaha bağlı bir optimizm deyil! Dəfələrlə rəsmi səviyyədə vurğulandığı kimi, Azərbaycan özünü və tərəfdaşlarını bundan sonra ən azı 100 il ərzində konkret olaraq təbii qazla təchiz edə bilər. Böyük təbii sərvətə malik Azərbaycan özünün təbii resurslarına arxayınlaşmır, eyni zamanda bərpa olunan enerji növlərinin əldə edilməsinə də diqqət yetirir, bu istiqamətdə konkret addımlar atır. Bütün bunlar o deməkdir ki, Azərbaycanın bərpaolunan enerji potensialı artır. Bu gün haqqında geniş bəhs olunan, açılması istiqamətində danışıqlar aparılan Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq.
Beləliklə, icra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyət daşıyır. Azərbaycanın neft, qaz layihələrinin icrası ilə dünyada artan iqtisadi gücü və geopolitik nüfuzu elektrik enerjisi layihələri ilə yeni bir mərhələ qazanır. Bundan başqa, neft və qaz layihələri kimi, elektrik enerjisi layihələri də Azərbaycana ciddi maliyyə qazandıracaq ki, bu siyasətin daha bir müsbət tərəfi də bununla bağlıdır.
Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov


























