Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq, bu faciə heç vaxt unudulmayacaq
Ermənistanın azərbaycanlı əhaliyə qarşı soyqırımı cinayətləri törətdiyini təsdiq edən faktlar yalnız Xocalı hadisələri ilə bitmir: “Azərbaycanlılara qarşı eynitərkibli cinayət hadisələrini erməni silahlı birləşmələri ötən əsrin 90-cı illərinin əvvəllərində Qazax rayonunun Bağanıs Ayrım, Xocavəndin Qaradağlı, Xocalı rayonunun Ballıqaya, Kəlbəcər rayonunun Ağdaban və Başlıbel kəndlərinin də işğalı və etnik təmizlənməsi zamanı törədiblər. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə, Bərdə və Tərtər şəhərlərinin davamlı olaraq ağır ballistik raketlər və qadağan olunmuş silahlardan atəşə tutulması da sıradan müharibə cinayəti deyildi, bu, həm də Ermənistanın azərbaycanlı əhaliyə qarşı törətdiyi növbəti soyqırımı idi. Sadaladığım bütün hadisələrin hüquqi araşdırılması zamanı təsdiq olunub ki, Ermənistan silahlı birləşmələri Azərbaycana qarşı hərbi təcavüz zamanı 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə təsbit olunmuş soyqırımı cinayətini təşkil edən bütün əməlləri törədiblər. Bununla yanaşı, Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır”.
Bu gün Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, cinayətkarların ifşası və tarixi ədalətin bərpası istiqamətində aparılan məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl və prinsipial şəkildə davam etdirilir: “Azərbaycan dövləti beynəlxalq tribunalarda Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi üçün sistemli və qətiyyətli mövqe nümayiş etdirir. Dövlətimizin başçısının “Xocalı soyqırımı bizim milli yaddaşımızdır və bu yaddaş heç vaxt unudulmayacaq” mövqeyi Azərbaycanın bu məsələdə geri dönüşü olmayan siyasi xəttini açıq şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin apardığı müstəqil, güclü və prinsipial siyasət nəticəsində Azərbaycan bu gün təkcə regionda deyil, beynəlxalq müstəvidə də haqq səsini ucalda bilən, tarixi ədaləti bərpa etməyə qadir bir dövlət kimi çıxış edir. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması, bu dəhşətli cinayətin hüquqi-siyasi qiymətini alması və günahkarların cəzalandırılması Azərbaycan dövlətinin dəyişməz prioritetidir və bu məqsədlərə nail olunacağına inam tamdır. Xocalı qurbanlarının xatirəsi Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq, bu faciə heç vaxt unudulmayacaq”.
Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü


























