image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-583814419_1391405845672523_2184328317690092720_n

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır

image-legitimaz-810x90

Azərbaycan və Mərkəzi Asiya ölkələri son illərdə siyasi, iqtisadi və mədəni sahələrdə yeni mərhələyə qədəm qoymuş əməkdaşlıq nümunəsi formalaşdırır. Bu əməkdaşlığın əsasını yalnız bu günün geosiyasi çağırışları deyil, həm də xalqlarımızı əsrlər boyu birləşdirən tarixi köklər, ortaq mədəniyyət və vahid sivilizasiya məkanına mənsubiyyət təşkil edir. Coğrafi olaraq Azərbaycanı Mərkəzi Asiya ölkələrindən ayıran Xəzər dənizi belə, əslində, bir sərhəd deyil, əksinə, dərin strateji və iqtisadi inteqrasiyanı təmin edən körpü rolunu oynayır. Bir çoxlarına görə Xəzər dənizi coğrafi sərhəd kimi görünə bilər, amma əsl həqiqətdə o, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin təbii birləşdiricisi, ortaq inkişaf platformasıdır. Xəzər dənizi üzərində formalaşan əlaqələr həm ticarəti, həm nəqliyyatı, həm enerji təhlükəsizliyini, həm də mədəni inteqrasiyanı daha da möhkəmləndirir. Bu gün Xəzər yalnız təbii sərvəti ilə seçilmir; o, həm də türk dünyasının strateji həmrəyliyinin simvolu kimi çıxış edir. Xəzər vasitəsilə Azərbaycan Qazaxıstan, Türkmənistan və digər Mərkəzi Asiya ölkələri ilə enerji və yükdaşımalarında mühüm tranzit qovşağına çevrilib. Orta Dəhliz adlanan nəqliyyat marşrutu isə xalqlarımızı Avropa və Asiya arasında ən qısa və təhlükəsiz nəqliyyat körpüsü ilə birləşdirir.

Son illər Azərbaycan regionlararası əməkdaşlığı daha da gücləndirməyə yönəlmiş mühüm təşəbbüslərlə çıxış edir. Prezidentimizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində iştirakı bu əməkdaşlığın rəmzi olmaqla yanaşı, siyasi əlaqələrin yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan ilk dəfə bu görüşə 2023-cü ildə Düşənbədə dəvət almış, daha sonra 2024-cü ildə Astanada keçirilən görüşdə yüksək səviyyədə təmsil olunmuşdur. Qarşıdakı üçüncü iştirak isə Daşkənddə baş tutacaq. Bu ardıcıl və davamlı iştirak Azərbaycanın Mərkəzi Asiyaya verdiyi strateji önəmi və qarşılıqlı etimadın yüksək olduğunu nümayiş etdirir.

Azərbaycan və Mərkəzi Asiya xalqları əsrlər boyu eyni coğrafi-siyasi məkanın bir hissəsi olmuş, ticarət yolları boyunca sıx təmaslar qurmuş, ortaq dil, din və mədəniyyət çərçivəsində inteqrasiya etmişlər. Böyük İpək Yolunun dirçəldilməsi bu ortaq tarixin müasir dövrdə yenidən canlanmasına imkan yaradır. Bugünkü əməkdaşlıq yalnız iqtisadi maraqlara deyil, həm də xalqların qardaşlıq münasibətlərinə əsaslanır. Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən layihələr bu bağlılığın daha da dərinləşməsinə şərait yaradır. Mədəniyyət festivalları, təhsil proqramları, gənclər forumları və humanitar layihələr xalqlarımızı daha da yaxınlaşdırır və gələcək nəsillər üçün möhkəm tərəfdaşlıq modeli formalaşdırır.

Mərkəzi Asiya regionu dünyanın sürətlə inkişaf edən və strateji baxımdan mühüm mərkəzlərindən biridir. Bu regionla Azərbaycanın əməkdaşlığı enerji təhlükəsizliyi, nəqliyyat-logistika, ticarət və sənaye sahələrində qarşılıqlı faydalı nəticələr verir.

Enerji sahəsində Xəzərin statusunun müəyyənləşməsi, yeni boru kəmərləri layihələri və birgə enerji layihələri regionda sabitlik və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir. Nəqliyyatda isə Orta Dəhliz – yəni Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ölkələrimizi Avropa və Asiya arasında əsas tranzit əlaqəsinə çevirir.

Azərbaycanın güclənən iqtisadiyyatı və inkişaf etmiş infrastrukturu Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaş olmasına şərait yaradır. Həmçinin bu region dövlətləri ilə ticarət dövriyyəsinin hər il artması qarşıdakı illərdə daha böyük birgə layihələrin həyata keçiriləcəyindən xəbər verir.

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq artıq yeni strateji mərhələyə qədəm qoyub. Xəzər dənizi ilə birləşən bu geniş coğrafi məkan təkcə bölgə üçün deyil, həm də Avrasiya üçün böyük geosiyasi və iqtisadi əhəmiyyət daşıyır.

Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ardıcıl iştirakı bir daha sübut edir ki, Azərbaycan bu regionla əlaqələrə xüsusi önəm verir və qarşılıqlı əməkdaşlığı uzunmüddətli strateji tərəfdaşlıq kimi görür.

Bu əməkdaşlıq gələcəkdə daha böyük uğurlar gətirəcək, xalqlarımızın rifahına, regionda sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki