Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır.
Cənab Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə vurğuladığı “Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır” fikri bugünkü regional reallıqları və gələcək perspektivləri dəqiq əks etdirən fundamental yanaşmadır. Bu ifadə təkcə siyasi bəyanat deyil, həm də türk dövlətlərinin qarşılıqlı əməkdaşlığının mahiyyətini, regionun artan qlobal rolunu və ortaq inkişaf modelini müəyyənləşdirən strateji mesajdır.
Azərbaycan və Mərkəzi Asiya respublikaları əsrlər boyu ortaq tarix, mədəniyyət, etnik bağlılıq, dil kökləri və mənəvi yaxınlıq zəminində formalaşmış birmənalı əlaqələrə malik olmuşlar. Bu bağlar təkcə etno-mədəni birliklə yekunlaşmır, həm də siyasi sabitlik, iqtisadi tərəfdaşlıq və enerji-nəqliyyat təhlükəsizliyi baxımından böyük regional gücün əsasını təşkil edir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, “Mənim Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakım olacaq. Dəvət aldığım ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada keçirilib və qarşıdakı görüşün Daşkənddə keçirilməsi gözlənilir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir”
Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan intensiv əməkdaşlıq region ölkələrinin maraqlarının üst-üstə düşdüyünü göstərir. Azərbaycan ilə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan arasında ticarət, enerji, nəqliyyat-logistika, mədəniyyət və təhsil sahələrində genişlənən əlaqələr bu ortaq geosiyasi məkanın real konturlarını müəyyənləşdirir.
Zəngəzur dəhlizi, Transxəzər Nəqliyyat Dəhlizi, Bakı–Tbilisi–Qars xətti və digər regional layihələr Mərkəzi Asiya ilə Qafqaz arasında körpü rolunu daha da gücləndirir. Azərbaycanın enerji infrastrukturu, Xəzər dənizi üzərindən keçən nəqliyyat marşrutlarının şaxələndirilməsi, eləcə də yaşıl enerji sahəsində əməkdaşlıq region ölkələrinin qlobal iqtisadi proseslərdə rolunu artırır. Bu isə Prezident İlham Əliyevin qeyd etdiyi vahid geosiyasi məkanın təkcə nəzəri deyil, həm də praktiki reallıq olduğunu təsdiqləyir.
Bu gün Azərbaycan və Mərkəzi Asiya dövlətləri qarşılıqlı etimada, suverenliyə hörmətə və ortaq inkişaf vizyonuna əsaslanan strateji tərəfdaşlıq modeli qururlar. Əməkdaşlığın daha da möhkəmlənməsi yalnız regional təhlükəsizliyə deyil, həm də Avrasiya məkanında yeni inteqrasiya xəritəsinin formalaşmasına töhfə verir. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin birliyi regionun gücünü, sabitliyini və qlobal əhəmiyyətini daha da artıran mühüm siyasi və tarixi amildir.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru


























