image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-501036832_1255724745907301_8448562099315041327_n

Azərbaycan, Türkiyə və Pakistan arasında iqtisadi və ticari əməkdaşlıq strateji tərəfdaşlıq ruhunda inkişaf edir

image-legitimaz-810x90

Azərbaycan, Türkiyə və Pakistan arasında iqtisadi və ticari əməkdaşlıq strateji tərəfdaşlıq ruhunda inkişaf edir

Azərbaycan ilə Pakistan arasında ticarət əlaqələri nisbətən kiçik miqyasda olsa da, artan templə inkişaf edir. 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 22 milyon 048 min ABŞ dolları təşkil edib. Bu, 2021-ci ildəki 11 milyon 732 min dollarlıq göstərici ilə müqayisədə iki dəfəyə yaxın artım deməkdir və əməkdaşlığın potensialının geniş olduğunu göstərir. Turizm sahəsində də əlaqələr güclənməkdədir. 2024-cü ildə Pakistandan Azərbaycana gələn turistlərin sayı əvvəlki illə müqayisədə 46,7 faiz artaraq 81 min 427 nəfərə çatıb. Bu göstərici Azərbaycan-Pakistan xalqları arasında artan qarşılıqlı marağın, həmçinin əlaqələrin mədəni və sosial səviyyədə dərinləşdiyinin göstəricisidir. Pakistan eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası, iqtisadiyyatının dirçəldilməsi və reinteqrasiyası prosesində daha fəal rol oynamaq istəyən əsas tərəfdaşlardan biridir. Qarabağ bölgəsinə Pakistan investisiyalarının cəlb olunması istiqamətində praktiki addımların atılması gözlənilir. Azərbaycan da öz növbəsində, Pakistan iqtisadiyyatına yönələcək yeni investisiya layihələri üzərində işləməyi nəzərdə tutur. Pakistan şaxələndirilmiş enerji mənbələrinə can atır və Azərbaycanın enerji ixracatçısı kimi rolu mühüm əhəmiyyət kəsb edir. Maye təbii qaz tədarükü, neft və qaz kəşfiyyatı və bərpaolunan enerji sahəsində əməkdaşlıq haqqında sazişlər yeni iqtisadi dəhlizlər açıb. Nəticə etibarilə, Azərbaycan, Türkiyə və Pakistan arasında iqtisadi və ticari əməkdaşlıq strateji tərəfdaşlıq ruhunda inkişaf edir.

Üç ölkə arasında müdafiə sahəsində əməkdaşlıq da dinamik şəkildə inkişaf edir və daha da güclənməkdədir. Bu sahədə atılan praktiki addımlar, hərbi-strateji tərəfdaşlığın nə qədər önəmli və davamlı olduğunu göstərir. Bu əməkdaşlığın bariz nümunələrindən biri 2021-ci ildə keçirilmiş “Üç Qardaş – 2021” beynəlxalq hərbi təlimi olub. Təlimdə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələri iştirak ediblər. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması olub. Azərbaycan, Türkiyə və Pakistan arasında qurulan strateji müttəfiqlik yalnız ikitərəfli və üçtərəfli münasibətlərlə yekunlaşmır. Bu qardaş ölkələr beynəlxalq və regional təşkilatlarda da bir-birlərinə ardıcıl və prinsipial dəstək göstərirlər. Hər üç dövlətin mövqeləri bir çox beynəlxalq platformalarda üst-üstə düşür, bu da əməkdaşlığın güclənməsinə və siyasi həmrəyliyin dərinləşməsinə xidmət edir. Bakı, Ankara və İslamabad Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və D-8 kimi nüfuzlu beynəlxalq və regional təşkilatlarda qarşılıqlı olaraq milli maraqlarını müdafiə edirlər. Qeyd etmək lazımdır ki, Azərbaycanın 2024-cü ildə inkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı – D-8-ə üzv qəbul olunmasında da Türkiyə və Pakistanın rolu əvəzsiz olub. Təşkilatın 11-ci Zirvə görüşündə Azərbaycanın üzvlüyü yekdilliklə təsdiq olunub ki, bu da ölkəmizin beynəlxalq nüfuzunun artmasının və dost ölkələrin açıq dəstəyinin parlaq göstəricisidir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Laçında üç ölkənin liderlərinin Zirvə görüşünün keçirilməsi münasibətlərin gələcək inkişafının aydın mənzərəsini yaratdı

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrinin uğuru inkişafı günümüzün reallıqlarında özünü aydın şəkildə nümayiş etdirir. Bu reallıq da hər zaman xüsusi qeyd edilir ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın digər sahələr kimi, xarici siyasətdə də uğurlarının davamlılığında əhəmiyyətli rol oynayır. 44 günlük İkinci Qarabağ müharibəsi əbəs yerə həqiqət anı kimi dəyərləndirilmir. Məhz İkinci Qarabağ müharibəsi kimin haqqın, ədalətin, kimin təcavüzkarın yanında olduğunu bir daha açıqladı. Sübut edildi ki, münasibətlərdə qarşılıqlı etimad mühitinin, səmimi dostluq münasibətlərinin qorunması əsasdır. Dünya 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə dostluğu, qardaşlığı bütün dövrlər üçün dünyaya nümunə olan Azərbaycan-Türkiyə, eyni zamanda, Azərbaycan-Pakistan münasibətlərinin əyani nümayişinin bir daha şahidi oldu. Tarixi Zəfərimizdən sonra hər üç ölkənin münasibətlərinin daha yüksələn xətlə inkişafı, əməkdaşlıq formatlarının tərkibinin genişlənməsi, daha dəqiq desək, ikili formatdan üçlüyə doğru inkişaf etməsi özündə bütün məqamları açıqladı. 2021-ci ilin iyun ayında Qarabağın tacı Şuşanın şahidliyi ilə Azərbaycan və Türkiyənin dostluğu, qardaşlığı, müttəfiqliyi rəsmiləşdirildi, tarixi Şuşa Bəyannaməsi imzalandı. Bunun ardınca isə həmin ilin iyul ayında Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri səviyyəsində sarsılmaz dostluğun, qardaşlığın əsasını Bakı Bəyannaməsini imzalmaqla təsdiqlədilər. Ötən ilin iyul ayında isə Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş keçirildi.

Azərbaycanın Müstəqillik Günündə Şərqi Zəngəzurda, Laçında üç ölkənin liderlərinin Zirvə görüşünün keçirilməsi münasibətlərin gələcək inkişafının aydın mənzərəsini yaratdı.  Bu gün Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər sistemində xüsusi yer tuturlar. Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

2020-ci ildən etibarən yeni mərhələyə qədəm qoyan bu üçtərəfli əməkdaşlıq, siyasi və hərbi koordinasiya ilə yanaşı, humanitar, təhsil və iqtisadi sahələrdə ortaq təşəbbüslərlə zənginləşib.  Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq, Türkiyə vasitəsilə Avropaya enerji tədarükünü uğurla davam etdirir. Bu əməkdaşlığın əsasını Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr təşkil edir. 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP layihəsi isə Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdırmaq üçün yeni imkanlar yaradıb. TANAP Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılmasında mühüm rol oynayır. Genişlənən enerji əməkdaşlığı çərçivəsində Azərbaycan və Türkiyə arasında daha bir mühüm layihə isə İğdır-Naxçıvan qaz kəməridir. Bu layihə uzun illər blokada şəraitində yaşamış Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini təmin etməklə yanaşı, regionun iqtisadi və sosial inkişafına da töhfə verir. Uzaqgörən siyasi yanaşmanın nəticəsi olan bu kəmər Naxçıvanın təbii qaz təminatında etibarlı alternativ rolunu oynayır və bir mənbədən asılılığın aradan qaldırılmasına şərait yaradır.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki