Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəalıq göstərib
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün yekunlarına dair Bəyannaməsi və bir sıra sənədlər imzalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir. Bəyannamədə TDT-nin müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsini təşviq etməyə, mümkün olduqda bir-birinin namizədliklərini, qətnamələrini, bəyanatlarını və beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara əsaslanan digər təşəbbüsləri daha güclü qarşılıqlı əlaqələndirməyə və dəstəkləməyə çağırış ifadə olunur, o cümlədən Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına və ECOSOC-un 2028-2030-cu illər üçün üzvlüyünə namizədliyi dəstəklənir.
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının ikinci qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündəki çıxışında bu nüfuzlu təşkilatın fəaliyyətindən, indiyə qədər gördüyü misilsiz işlərdən ətraflı söz açaraq bildirib ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının ötən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir: “Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir. Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm. Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə evsahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur”.
Dövlət başçısı Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığın gücləndiyini vurğulayaraq qeyd edib: “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir”.
Türk Dövlətləri Təşkilatı fəaliyyətinin əsas məqsədi türk dövlətləri arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türk dövlətləri başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Daha sonra Özbəkistan da bu təşkilata qoşulub. Türkmənistan və Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi ölkə qismində təmsil olunurlar. 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Zirvə görüşündə “Türk Dünyası Xartiyası”nın imzalanması, TDT-nin İşçi Qrupunun yaradılması da əhəmiyyətli addım idi
Prezident İlham Əliyevin Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı tarixi əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış 71 bənddən ibarət Bəyannamə türk xalqlarının birliyinin daha da güclənməsinə xidmət edir.
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Budapeştdə qeyri-rəsmi Zirvə görüşündə iştirak edən ölkəmizin başçısı çıxışında olduqca vacib mesajlar verdi. “Prezident İlham Əliyev çıxışında Azərbaycanla Macarıstan əlaqələrin xarakterindən və Türk Dövlətləri Təşkilatının qarşısında duran ümumi vəzifələrdən bəhs edib. Ötən il Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi də Zirvə görüşündə bir daha vurğulanıb. Bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşünün Budapeştdə təşkilinin vacibliyi diqqətə çatdırılıb. Azərbaycanın bu il TDT-nın rəsmi Zirvə görüşünə ev sahibliyi edəcəyi məmnunluqla Zirvə toplantısında qeyd edilib. Azərbaycan təşkilatın üzv ölkələrinə iyirmi milyard ABŞ dollarından çox sərmayə qoyduğu, eyni zamanda bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının ümumi hədəflərə xidmət etdiyi söylənilib. Sözsüz ki, Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanan 71 bəndlik Bəyannamədə türk xalqlarının birliyinə mühüm töhfə olacaq. Bununla TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyi bir daha öz təsdiqini tapır. “Türk Dünyası Xartiyası”nın imzalanması, TDT-nin İşçi Qrupunun yaradılması da əhəmiyyətli addım idi. “Qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi “Bakı Prosesi”nin uğuru, Türk İnvestisiya Fondunun və Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində Azərbaycanın həyata keçirdiyi təşəbbüslər Zirvə toplantısında bir daha bəyan edilib”.
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Sazişin qüvvəyə minməsi də mühüm uğur idi: “Türk dövlətləri arasında qarşılıqlı anlaşma, həmrəylik və ortaq gələcəyə yardım etmək məqsədi daşıyan mədəni və humanitar əlaqələrin gücləndirilməsi də olduqca önəmlidir. Bu istiqamətdə mədəniyyətlərarası körpü və ümumbəşəri dəyərlərin rəmzi kimi çıxış edən Novruzun transmədəni mahiyyəti ifadə edilərək onun Təşkilat çərçivəsində qeyd olunması haqqında qərar da tarixi əhəmiyyət kəsb edir. Azərbaycanın 2025-ci ildə Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşünə ev sahibliyi etməsi isə ölkəmizin bu təşkilatın nüfuzunun daha da artmasında olan birmənalı mövqeyinin ifadəsi kimi izah oluna bilər”.
Prezident İlham Əliyevin Zirvə toplantısında həmçinin təxminən iki yüz ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfransın keçirilməsinin tarixi əhəmiyyətini də diqqətə çatdırıb. “Ölkəmiz cəmi 11 aya 197 ölkədən 77 min iştirakçının qatıldığı COP29-un ən yüksək səviyyədə keçirilməsini təmin etdi. Konfransda 70 dövlət və hökumət başçısının iştirakı ilə Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında körpü yaratmaqla, Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarların qəbuluna da nail olundu”.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc