Azərbaycan və Özbəkistan arasında münasibətlər əsrlər boyunca formalaşmış qardaşlıq, qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır. Bu gün ölkələrimiz yalnız mədəni və tarixi yaxınlıqla deyil, həm də güclənən iqtisadi əməkdaşlıqla bir-birinə sıx şəkildə bağlıdır. Azərbaycan üçün Özbəkistan regionda etibarlı tərəfdaş, strateji müttəfiq və geniş imkanlara malik dost dövlətdir. Məhz bu səbəbdən Azərbaycan iqtisadiyyatın bütün sahələrində Özbəkistanla əməkdaşlığın daha da genişləndirilməsində qətiyyətlidir.
Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq yüksək siyasi iradəyə əsaslanır. Dövlət başçılarının qarşılıqlı səfərləri, ardıcıl siyasi dialoqlar və birgə qəbul edilən qərarlar iqtisadi münasibətlərin inkişafında əsas həlledici rol oynayır.
Həm Bakıda, həm Daşkənddə keçirilən görüşlərdə iqtisadi sahələr üzrə əməkdaşlığın genişləndirilməsi prioritet istiqamət kimi müəyyən edilib. Ölkə rəhbərlərinin iradəsi qarşılıqlı ticarətin, investisiya layihələrinin və sənaye inteqrasiyasının daha da dərinləşməsinə imkan yaradır. Bu siyasi iradə yalnız diplomatik bəyanatlarla məhdudlaşmır — onun arxasında həm Azərbaycan, həm də Özbəkistan iqtisadiyyatının yüksələn potensialı dayanır. Enerji resursları, nəqliyyat-logistika imkanları, kənd təsərrüfatı, sənaye istehsalı, yüksək texnologiyalar, tekstil və turizm sahələri hər iki ölkə üçün geniş əməkdaşlıq perspektivləri təqdim edir. Bu günə qədər iki ölkə arasında təxminən 200-dən çox sənəd imzalanmışdır. Bu sənədlər ticarət, investisiya, nəqliyyat, enerji, gömrük prosedurları, kənd təsərrüfatı, sənaye, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı əhatə edir.
Bu hüquqi baza iqtisadi münasibətlərin dayanıqlı, şəffaf və uzunmüddətli əsaslar üzərində qurulmasına xidmət edir. Müvafiq sazişlər həm dövlət qurumları, həm özəl sektor, həm də kiçik və orta sahibkarlıq subyektləri üçün geniş imkanlar açır.
İmzalanmış sənədlər yalnız kağız üzərində qalmamış, praktiki olaraq bir çox sahələrdə əməkdaşlığın genişlənməsinə səbəb olmuşdur. Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin son illərdə artması bunun bariz nümunəsidir.
Hər iki ölkə Orta Dəhlizin əsas iştirakçılarıdır. Bu dəhliz Avrasiyanın ən qısa və etibarlı marşrutlarından biri kimi Azərbaycan və Özbəkistan arasında ticarətin artırılmasına və malların Avropa-Asiya istiqamətində daşınmasına böyük imkanlar yaradır.
Azərbaycan və Özbəkistan arasındakı iqtisadi əməkdaşlığı gücləndirən mühüm amillərdən biri xalqlarımız arasındakı mədəni yaxınlıqdır. Füzuli və Nəvai irsi, ortaq türk mədəniyyəti və yüzillərlə formalaşan qardaşlıq münasibətləri bu əməkdaşlığın mənəvi təməllərini təşkil edir.
Azərbaycanın Özbəkistanla əməkdaşlıq siyasətinin əsasını qarşılıqlı fayda, bərabərlik və dostluq prinsipləri təşkil edir. Azərbaycan üçün bu münasibətlər yalnız iqtisadi maraqlarla məhdudlaşmır; məqsəd ölkələrimizin inkişafına, regionda sabitliyə və türk dünyasının birliyinə töhfə verməkdir.
Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq münasibətləri əsrlərin qardaşlıq ruhu ilə möhkəmlənərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Güclü siyasi iradə, möhkəm hüquqi baza və böyük iqtisadi potensial qarşıdakı illərdə daha geniş layihələrin həyata keçirilməsinə şərait yaradır.
Bu əməkdaşlıq xalqlarımızın rifahına, regionun inkişafına və türk dünyasında həmrəyliyin güclənməsinə mühüm töhfə verəcək.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva


























