image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-582106686_1390677615745346_7128928066990613703_n

Azərbaycan–Mərkəzi Asiya: Yeni strateji körpü və qlobal nüfuz

image-legitimaz-810x90

Azərbaycan–Mərkəzi Asiya: Yeni strateji körpü və qlobal nüfuz

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü həm region, həm də Azərbaycan üçün mühüm tarixi mərhələ oldu. Azərbaycanın bu formata tamhüquqlu üzv qismində qəbul edilməsi təkcə həmrəyliyin güclənməsi deyil, eyni zamanda qarşılıqlı fayda gətirəcək yeni inteqrasiya modelinin formalaşması deməkdir. Orta Asiya ölkələri Azərbaycanın etibarlı tərəfdaş olduğunu artıq dəfələrlə təsdiqləyiblər. “Mərkəzi Asiya+” formatının genişlənməsi isə regionun beynəlxalq nüfuzunu daha da artıracaq. Azərbaycanın siyasi çəkisi, iqtisadi potensialı və qlobal arenada güclənən mövqeyi Cənubi Qafqazla Mərkəzi Asiya arasında münasibətlərin daha da möhkəmlənməsi üçün münbit şərait yaradır. Ölkəmiz uzun illərdir Mərkəzi Asiya dövlətləri ilə yüksək səviyyəli əlaqələrə malik olsa da, artıq regiondakı bütün mühüm proseslərdə söz və qərar sahibi kimi tam hüquqlu şəkildə iştirak edəcək. Son illər həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz dünyanın diqqət mərkəzinə çevrilib. Coğrafi üstünlüklər, zəngin təbii resurslar, yeni formalaşan strateji nəqliyyat marşrutları və regional əməkdaşlığın yüksələn dinamizmi iki regionu bir-birinə daha sıx bağlayır. Yeni geopolitik reallıqlar fonunda region dövlətləri beynəlxalq platformalarda getdikcə daha inteqrə olunmuş mövqe ortaya qoyurlar. ABŞ və Avropa İttifaqının Mərkəzi Asiyaya artan marağı da bunun bariz göstəricisidir. Səmərqənddə keçirilən Aİ–Mərkəzi Asiya görüşləri və region liderlərinin ABŞ-a dəvət olunması bu istiqamətdə atılan ardıcıl addımlardandır. İndiyədək mineral ehtiyatlar, enerji və nəqliyyat sahələrində 17 milyard dollara yaxın sazişin imzalanması isə əməkdaşlığın səmərəliliyini göstərir. Mərkəzi Asiyanın iqtisadi gücü, xüsusilə Orta Dəhlizin strateji əhəmiyyəti getdikcə artır. Zəngəzur dəhlizinin açılması isə həm region ölkələrinə, həm də geniş Avrasiya məkanına yeni tranzit və logistika imkanları vəd edir. Azərbaycanın ABŞ və Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlığı, eləcə də regional proseslərdə oynadığı rol ölkəmizin məhz bu platformada təmsilçiliyini zəruri edirdi. Aydındır ki, Orta Asiya üçün ən qısa və effektiv çıxış Cənubi Qafqaz və Xəzər üzərindən keçir. Məhz buna görə də Azərbaycanın formata qoşulması Mərkəzi Asiyanın beynəlxalq tranzit, logistika və energetika sahələrində daha geniş imkanlar əldə etməsinə şərait yaradacaq. Bu dinamikanın təsadüfi olmadığı son illərin statistikası ilə də sübut olunur: Prezident İlham Əliyev son üç ildə Mərkəzi Asiya ölkələrinə 14 rəsmi səfər edib, həmin region dövlətlərinin liderləri isə Azərbaycana 23 dəfə təşrif buyurublar. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb, birgə investisiya fondları yaradılır. “Azərbaycan Cənubi Qafqazda yerləşsə də, fəal əməkdaşlıq nəticəsində bu gün Mərkəzi Asiya və Azərbaycan qlobal miqyasda nüfuzu artan vahid geosiyasi və geoiqtisadi məkan kimi çıxış edir.” Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunu daha da gücləndirir. Azərbaycanın regiondakı mövqeyinin artması isə Mərkəzi Asiyanın həm regional, həm də beynəlxalq proseslərdə daha fəal, daha təsirli oyunçuya çevrilməsinə xidmət edəcək.

 

Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki