Azərbaycan ilə Gürcüstan arasında münasibətlər əsrlər boyu formalaşmış dostluq və qardaşlıq ənənələrinə əsaslanır
Aprelin 6-da İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında mövcud strateji tərəfdaşlığın dərinliyini və dinamik inkişafını bir daha nümayiş etdirdi. Səsləndirilən fikirlər təkcə hazırkı əməkdaşlıq səviyyəsini deyil, həm də gələcək perspektivləri və regional əməkdaşlıq baxımından əhəmiyyətini ön plana çıxardı.
Azərbaycan ilə Gürcüstan arasında münasibətlər əsrlər boyu formalaşmış dostluq və qardaşlıq ənənələrinə əsaslanır. Prezidentin vurğuladığı kimi, bu tarixi bağlar müasir dövlətlərarası əlaqələrin möhkəm təməlini təşkil edir. Hər iki ölkə müstəqil şəkildə inkişaf edir və bu inkişafın əsasında qarşılıqlı etimad dayanır. Tarixi münasibətlərin bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi regionda sabitlik və əməkdaşlıq üçün uğurlu model yaradır.
Gürcüstanda siyasi sabitliyin mövcudluğu və bunun iqtisadi inkişaf üçün yaratdığı əlverişli mühit ölkədə müsbət investisiya iqliminin formalaşmasına səbəb olub. Bu isə xarici investorların, o cümlədən Azərbaycan sərmayədarlarının marağını artırır. Gürcüstan iqtisadiyyatına qoyulan milyardlarla dollarlıq investisiya iki ölkə arasında iqtisadi əməkdaşlığın real nəticəsidir. Ticarət dövriyyəsinin artması isə iqtisadi inteqrasiyanın daha da genişlənəcəyindən xəbər verir.
İki dövlət beynəlxalq təşkilatlar çərçivəsində də daim qarşılıqlı dəstək nümayiş etdirir. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsipləri tərəflərin ortaq mövqeyini təşkil edir. Bu yanaşma yalnız ikitərəfli münasibətləri gücləndirmir, həm də regionda beynəlxalq hüququn prinsiplərinin qorunmasına xidmət edir.
Səfər zamanı diqqət çəkən əsas məqamlardan biri də Cənubi Qafqaz regionunda formalaşan yeni geosiyasi reallıqlarla bağlı idi. Uzun müddət münaqişələrlə xarakterizə olunan region artıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələdə əsas prioritetlər sülhün möhkəmləndirilməsi, sabitliyin təmin edilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. Yaranan imkanlar iqtisadi inteqrasiyanın dərinləşməsinə, nəqliyyat və enerji layihələrinin genişlənməsinə, həmçinin etimad mühitinin güclənməsinə şərait yaradır.
Regionda davamlı sülhün təmin olunması üçün iqtisadi əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Gürcüstanın tranzit ölkə kimi rolu mühüm amildir. Ticarət və iqtisadi əməkdaşlıq sülh prosesinin möhkəmləndirilməsində praktiki vasitə kimi çıxış edir.
İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji və nəqliyyat sahələridir. Azərbaycan geniş coğrafiyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu prosesdə Gürcüstan əsas tranzit tərəfdaşdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr regionun enerji xəritəsini dəyişdirən strateji təşəbbüslərdir. Bu layihələr vasitəsilə enerji resursları dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılır. Bununla yanaşı, Orta Dəhliz Şərq-Qərb nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır və regionun geoiqtisadi əhəmiyyətini artırır.
Dövlətlərarası əməkdaşlıq gündəliyi kifayət qədər genişdir və davamlı olaraq inkişaf edir. Yeni investisiya layihələri, üçüncü ölkələrdə birgə fəaliyyət imkanları və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi tərəfdaşlığın perspektivlərini daha da gücləndirir. Bu münasibətlər modeli qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulduğu üçün regionda nümunəvi əməkdaşlıq formatı kimi çıxış edir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru





















