Azərbaycan–Gürcüstan münasibətlərinin möhkəm təməli müstəqilliyin ilk illərində qoyulub
2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsində mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində Tbilisidə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın dərinliyini bir daha nümayiş etdirdi.
Bu səfər sübut etdi ki, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər artıq sadəcə qonşuluq çərçivəsini çoxdan aşaraq, qarşılıqlı etimada, siyasi həmrəyliyə və ortaq maraqlara əsaslanan möhkəm strateji müttəfiqliyə çevrilib.
Azərbaycan–Gürcüstan münasibətlərinin möhkəm təməli müstəqilliyin ilk illərində qoyulub. Bu prosesdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadze mühüm rol oynayıblar.
1990-cı illərin ortalarından etibarən iki ölkə arasında əməkdaşlıq sürətlə inkişaf edərək siyasi, iqtisadi və humanitar sahələri əhatə edən geniş tərəfdaşlıq platformasına çevrilib.
Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən iri enerji və nəqliyyat layihələri iki ölkə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Gürcüstana səfəri bir daha təsdiqlədi ki, Azərbaycan–Gürcüstan münasibətləri möhkəm siyasi iradəyə, qarşılıqlı etimada və ortaq strateji maraqlara əsaslanır.
Bu əməkdaşlıq modeli yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün sabitlik, təhlükəsizlik və inkişaf nümunəsidir. Dostluq və qardaşlıq üzərində qurulan bu tərəfdaşlıq gələcəkdə də Cənubi Qafqazın əsas dayaqlarından biri olaraq qalacaq.
Cənab İlham Əliyevin Baş nazir İrakli Kobaxidze ilə mətbuata bəyanatında xüsusi vurğuladığı bir məqam münasibətlərimizin siyasi onurğa sütununu təşkil edir ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəkləyib. Bu prinsipial mövqe hər iki dövlətin beynəlxalq hüquqa sadiqliyinin və regional sabitliyin qorunması naminə nümayiş etdirdikləri həmrəyliyin göstəricisidir. Biz beynəlxalq platformalarda da hər zaman vahid cəbhədən çıxış edərək bir-birimizin maraqlarını müdafiə edirik.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru





















