AZƏRBAYCAN-GÜRCÜSTAN ƏLAQƏLƏRİ ÖTƏN İLLƏR ƏRZİNDƏ DİNAMİK İNKİŞAF EDİB.
Cənab Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri ölkələr arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisədir. Cənab Prezident İlham Əliyevin bu səfəri təkcə ikitərəfli əlaqələrin inkişafına deyil, Azərbaycan–Gürcüstan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və gələcək inkişaf üçün möhkəm zəmin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Aprelin 6-da Tbilisi şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən görüş və səsləndirilən bəyanatlar yalnız diplomatik hadisə kimi deyil, Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi nizamın açıq manifesti kimi qiymətləndirilməlidir. Bu çıxışlar regionun gələcək güc balansı, təhlükəsizlik modeli və geosiyasi prioritetləri haqqında aydın mesajlar verir. Qafqazın aparıcı ölkəsi olan Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyətə malikdir. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Azərbaycan və Gürcüstan arasında yalnız ikitərəfli diplomatik və iqtisadi əməkdaşlıq deyil, həm də parlamentlərarası münasibətlərin inkişafı da diqqət çəkir. İki ölkənin qanunverici orqanları arasında davamlı əlaqələr və təcrübə mübadiləsi iki ölkə arasında qanunvericilik və siyasi dialoqun daha şəffaf və effektiv aparılmasına imkan yaradır.
Ölkələrimizin ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. Cənab Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında bu məsələyə toxunaraq Azərbaycanla Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəkləyini bildirdilər. Gürcüstanla münasibətlərin xarakterik cəhəti həm də ondadır ki, Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan tranzit ölkə kimi mühüm rol oynayır. Azərbaycan – Gürcüstan münasibətləri çoxşaxəli və strateji xarakter daşıyır. Siyasi sabitlik, iqtisadi əməkdaşlıq, enerji layihələri və humanitar əlaqələr bu münasibətlərin əsas istiqamətlərini təşkil edir. Hər iki ölkə regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasına töhfə verir. Gələcəkdə də Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın daha da genişlənəcəyi və yeni layihələrin həyata keçiriləcəyi labüddür. Təbii ki, bu isə yalnız iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqaz regionunun inkişafına müsbət təsir göstərəcəkdir. Azərbaycan və Gürcüstan hər zaman öz milli maraqlarını qorumaq uğrunda mübarizə aparır. Elə bu səbəbdən də, dünyanın hegemon dövlətləri regionda öz maraqlarını reallaşdırmaq üçün, müstəqil mövqeyi olmayan Ermənistandan fərqli olaraq, Azərbaycan və Gürcüstanı bir çox hallarda hədəf seçir. Buna baxmayaraq, hazırda Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, “Cənub qaz dəhlizi” kimi nəhəng layihələr ölkələrimizi birləşdirərək, hər iki ölkənin maraqlarına, regionun inkişafına xidmət edir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.
Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında bir daha diqqəti bu reallıqlara yönəldərək bildirdi ki, əsrlər boyu gürcü və Azərbaycan xalqları qardaşlıq şəraitində yaşayıb. Bu gün bu ənənələr davam edir. Hesab edirəm ki, bu münasibətlər bölgədə nümunəvi qonşuluq əlaqələrini əks etdirərək gələcəkdə də davam edəcək və yeni layihələrə yol açacaq. Tbilisi görüşü Cənubi Qafqazın siyasi gələcəyinə dair aydın konturlar təqdim etdi. Cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilən mesajlar göstərir ki, region ölkələri artıq passiv obyekt deyil, aktiv siyasi subyekt kimi çıxış edir. Onlar öz gələcəklərini özləri müəyyənləşdirir, əməkdaşlıq platformalarını özləri yaradır və regional sabitliyi təmin etmək üçün siyasi iradə nümayiş etdirirlər. Bu isə xarici təsirlərin deyil, regional konsensusun müəyyən etdiyi Cənubi Qafqazda yeni bir reallığın başlanğıcıdır. Ən əsası, Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Cənab Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsi baxımından tarixi əhəmiyyət kəsb etdi. Səfər Azərbaycan – Gürcüstan əməkdaşlığının gələcək perspektivlərini aydın şəkildə göstərdi və ölkəmizin qonşuluq prinsiplərinə sadiqliyini nümunəvi şəkildə nümayiş etdirdi.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov






















