Avropada Rusiya təhdidinin getdikcə artması və Ağ Evin qitədəki hərbi mövcudluğunu azalda biləcəyinə dair narahatlıqlar fonunda Almaniya rəhbərliyi qitənin hərbi müdafiə sənayesini kökündən dəyişdirəcək strateji addım atıb. Berlin ABŞ-a məxsus yüksək dəqiqlikli strateji silahların birbaşa Almaniya torpaqlarında istehsal edilməsi üçün rəsmi Vaşinqtona güclü təzyiq göstərməyə başlayıb.
Xeberaz.info xəbər verir ki, beynəlxalq hərbi mənbələrin və nüfuzlu “Financial Times” nəşrinin yaydığı məlumata görə, Almaniya hökuməti ABŞ-ın strateji qanadlı raketləri olan “Tomahawk” və ən müasir “Patriot” (PAC-3) hava hücumundan müdafiə sistemlərinin ölkə ərazisində birgə istehsalının təşkili barədə Ağ Evlə gizli danışıqlar aparır. Berlin bu təşəbbüslə həm Avropanın sürətlə yenidən silahlanmasını təmin etməyi, həm də ABŞ Prezidenti Donald Trampa iqtisadi stimullar təklif edərək onun NATO-ya olan sadiqliyini qoruyub saxlamağı hədəfləyir. Məlumata görə, Vaşinqton rəsmiləri və hərbi sənaye korporasiyaları bu təklifə gözlənildiyindən daha müsbət və fəal yanaşıblar.
Almaniya tərəfi danışıqlarda əsas arqument kimi özünün nəhəng sənaye bazasını irəli sürür. Berlin iddia edir ki, Almaniya zavodları hazırda sifariş çoxluğundan və xammal qıtlığından logistik çətinliklər yaşayan ABŞ müdafiə sektorunun yükünü azalda, eyni zamanda Rusiyadan gələn raket təhdidlərinə qarşı Avropa qitəsinə strateji silahların tədarükünü maksimum dərəcədə sürətləndirə bilər. Qeyd edək ki, iki ölkə arasında hərbi sənaye sahəsində mövcud olan uğurlu əməkdaşlıq çərçivəsində Almaniyanın “Rheinmetall” şirkəti artıq ABŞ-ın beşinci nəsil “F-35” qırıcı təyyarələrinin gövdə hissələrini istehsal edir, həmçinin “Patriot” raketlərinin birgə yığılması prosesində fəal iştirak edir.


























