image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-vomxgeliyv

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir

image-legitimaz-810x90

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası qarşısında dayanan əsas vəzifələrdən biri də dövlət dilinin statusunu tam hüquqi müstəviyə çıxarmaq və bu dili ictimai-siyasi həyatın bütün sahələrində tətbiq etmək idi. Bu istiqamətdə ən mühüm addımlardan biri 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası oldu. Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit edildi və bununla da ana dilimizə dövlət səviyyəsində hüquqi zəmanət verildi. Ümummilli Lider Heydər Əliyev tərəfindən 2001-ci il 18 iyun tarixində imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman bu istiqamətdə aparılan işlərin sistemli və ardıcıl xarakter almasına zəmin yaratdı. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası təsis olundu və bu qurum Azərbaycan dilinin normativ əsaslarının qorunması, ədəbi dilin saflığının təmin olunması sahəsində mühüm rol oynamağa başladı. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli digər bir Fərmanı ilə hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu tarixin təsadüfi seçilmədiyi bəllidir. Latın qrafikalı yeni əlifbanın rəsmi istifadəyə verilməsi və bununla da xalqımızın milli-mədəni yaddaşına əsaslanan müstəqil dil siyasətinə keçidi məhz bu gün simvollaşdırır. Hər il 1 avqust- Azərbaycan Əlifbası  və  Azərbaycan Dili Günü kimi qeyd edilməsi sadəcə simvolik deyil, həm də maarifləndirici və mənəvi mahiyyət daşıyan qərardır. Dil gününün təsis edilməsi ilə həm də xalqın diqqətinin dilə yönəldilməsi, ictimai məsuliyyətin gücləndirilməsi, maarifləndirici tədbirlərin təşviqi hədəf seçilmişdi. Bu qərar Heydər Əliyevin dilə verdiyi yüksək dəyərin daha bir sübutudur. Prezident İlham Əliyev Ulu Öndərin siyasi xəttini ardıcıl şəkildə davam etdirərək dil siyasətini yeni tarixi mərhələyə çıxarmışdır. Onun rəhbərliyi ilə qəbul edilən mühüm sənədlər – “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” (2004-cü il), “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” (2004-cü il), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” (2013-cü il), “Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tədbirlər haqqında” (2018-ci il) və digər strateji sənədlər dilin funksional imkanlarını genişləndirmiş, onun müasir tələblərə uyğun tətbiqini təmin etmişdir. Xüsusilə Prezidentin 2018-ci il tarixli Fərmanı ilə yaradılmış Monitorinq Mərkəzi Azərbaycan dilində aparılan bütün rəsmi və ictimai ünsiyyətin dil normalarına uyğunluğuna nəzarət edən mütərəqqi bir institut kimi fəaliyyət göstərmiş və dövlət dilinin istifadəsində keyfiyyətin yüksəldilməsinə xidmət etmişdir. Azərbaycan dili bu gün sadəcə xalq dili deyil, həm də dövlət dili statusunda çıxış edərək hüquqi, siyasi, iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində aparıcı yer tutur. 2002-ci il 30 sentyabr tarixli  “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dilin statusunu hüquqi baxımdan daha da möhkəmləndirdi. Qanunda Azərbaycan dilinin yalnız ölkə əhalisi üçün deyil, həm də dünya azərbaycanlıları üçün milli-mədəni identiklik vasitəsi olduğu açıq şəkildə ifadə olundu. Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, həm də dünya azərbaycanlılarının mənəvi bağlarının daşıyıcısı kimi çıxış edir. Ulu Öndər Heydər Əliyevin dil siyasəti nəticəsində dövlət dili statusunu qazanan Azərbaycan dili müstəqilliyin ən mühüm atributlarından biri kimi inkişaf etdirilir. Prezident İlham Əliyevin bu siyasi xətti qətiyyətlə davam etdirməsi nəticəsində dilimiz informasiya texnologiyalarından tutmuş beynəlxalq platformalara qədər bir çox sahələrdə layiq olduğu yerini tutur.

 

Veteran müəllim Vəfadar Nİftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki