Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir.
Bu günlərdə Azərbaycan tarixinin ən şanlı və şərəfli səhifələri yazılır-Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vaşinqtonda növbəti diplomatik qələbə qazandı. Bütün dünyanın diqqət mərkəzində olan ABŞ–Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli Vaşinqton zirvə görüşlərinin uğurla yekunlaşması, ölkəmizin böyük və tarixi diplomatik qələbəsi hamımızı ürəkdən sevindirdi. Bu gün təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyev döyüş meydanında qazanılan zəfərləri Vaşinqtonda, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi.
Cənab Prezident İlham Əliyev Vaşinqtonda ABŞ səfərinin nəticələri ilə bağlı yerli mediayaya verdiyi müsahibəsində keçirilən görüşləri yüksək dəyərləndirir, tarixi hadisə hesab edir. “Bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq”
Cənab Prezident İlham Əliyev Vaşinqton görüşlərini əhəmiyyətli hesab edir: “Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir”.
Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir və qürur duyulası diplomatik uğurlardır. Vaşinqtonda imzalanmış sənədlər Azərbaycanın diplomatik qələbəsini təsdiqləməklə yanaşı, ölkəmizin regional və qlobal səviyyədə artan rolunu bir daha nümayiş etdirir. Bu diplomatik uğurları ilə cənab Prezident İlham Əliyev sübut etdi ki, o, təkcə müharibənin qalibi deyil, həm də sülhün müəllifidir.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri