Abşeron rayonunda bir nəfər alıcı kimi mağazaya daxil olaraq orada olan qızıl-zinət əşyalarını yoxlamaq adı ilə üzərinə taxıb və daha sonra gizlicə mağazadan uzaqlaşıb.
DİN-in Mətbuat xidmətindən “Xeberaz.info”a bildirilib ki, bu barədə polisə müraciət edən zərərçəkənə 3 480 manat maddi ziyan dəydiyi məlum olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı N.Dadaşova müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisindəki digər bir mağazada da analoji hadisə baş verib. Naməlum şəxs mağazadakı smart saatı oğurlayıb və əvvəlcədən əlbir olduğu sürücü dostunun idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşıblar. Əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V.Rzayev və 33 yaşlı S.Paşazadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.


























