ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqi dayandırılıb.
Xatırladım ki, ABŞ-da keçirilən son prezident seçkilərindən hələ 3 ay öncə Şuşada təşkil olunan Qlobal Media Forumunda ABŞ-dəki seçkilərlə bağlı jurnalistin sualını cavablandıran Prezident cənab İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə ifadə etsək, onun namizədliyini dəstəkləmişdi. Eyni zamanda Prezident cənab İlham Əliyev bir neçə dəfə açıqlamalarında D.Trampın prezidentliyi dövründə ABŞ-nin heç bir müharibə başlatmadığını, o cümlədən D.Trampın ailə institutuna, ənənəvi dəyərlərə böyük önəm verdiyini qeyd etmişdir. Prezident cənab İlham Əliyevin bu ilin iyulunda Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı D.Tramp barəsində səsləndirdiyi fikirləri isə ABŞ lideri özünün rəsmi sosial hesabında paylaşmışdı. Bütün bunlar söyləməyə əsas verirdi ki, Azərbaycan-ABŞ münasibətlərində tezliklə yeni inkişaf mərhələsi başlayacaq.
7-8 avqust 2025-ci il tarixlərində Prezident cənab İlham Əliyevin səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni inkişaf mərhələsinin əsasını qoydu.
Prezident cənab İlham Əliyevin Vaşinqtona səfəri zamanı Azərbaycan-ABŞ münasibətlərinin inkişafı istiqamətində atılan mühüm addımlardan biri də ABŞ Prezidentinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalanması oldu. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin D.Tramp tərəfindən məhz Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıdı, ABŞ-nin Azərbaycanla əlaqələrin inkişafına verdiyi önəmin təcəssümünə çevrildi.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə elə bir bir inkişaf mərhələsinə yüksəlib ki, həm də donor ölkəyə çevrilib. Ona görə Azərbaycanın hansısa xarici dəstəyə və yardıma ehtiyacı yoxdur. Bununla belə Prezident Trampın bu qərarı rəmzi xarakter daşımaqla yanaşı, həm ədalətin bərpası, həm də Tramp tərəfindən Azərbaycan edilən siyasi jest oldu.
Bütövlükdə, Prezident cənab İlham Əliyevin Vaşinqtona səfərinin yekunları Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni dövrə qədəm qoymasına xidmət edən nüanslarla zəngin oldu. Ona görə bu səfərin nəticələri həm də Azərbaycanın xarici siyasətin mühüm uğurlarıdır. Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində səfərin hər bir uğurunu tarixi hadisə adlandıraraq deyib: “Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək”.
Səfərlə bağlı bir məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycan və ABŞ prezidentlərinin Ağ Evdəki görüşünün səmimi və dostluq ovqatında keçməsi, Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək münasibət, dövlətimizin başçısına hədiyyənin və Ağ Evin rəmzi açarının təqdim olunması D.Trampın cənab İlham Əliyevə olan böyük ehtiramının və Azərbaycana verdiyi önəmin göstəricisinə çevrildi. Etiraf edək ki, heç də bütün dövlət və hökumət başçıları Ağ Evdə belə səviyyədə qarşılanmır. Və ya ABŞ rəhbərliyi heç də hamıya bu cür səmimi münasibət göstərmir. Prezident D. Tramp özü də qeyd etdi ki, Ağ Evin rəmzi açarını nadir hallarda təqdim edir.
Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycan-ABŞ münasibətlərində irəliyə doğru mühüm addımların atılması ilə yanaşı, Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesi və sülh sazişinin imzalanması kontekstində indiyədək əldə olunmuş bütün nəticələrin fövqündə, zirvəsində dayanan tarixi razılaşmaların əldə edilməsi ilə əlamətdar oldu.
Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva