ABŞ və İran yəqin ki, gələn həftə danışıqları bərpa edəcək.
”Xeberaz.info” xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib: “Bu görüş çox yaxında baş tutacaq. Ola bilsin ki, gələn həftə”.
ABŞ prezidenti Donald Tramp da öz növbəsində İranın “görüş tələb etdiyini” və danışıqların “kağız üzərində nələrisə qeydə almaqla nəticələnəcəyi təqdirdə, bu, yaxşı olardı” deyib. Amerika liderinin sözlərinə görə, o, İranla danışıqları çox da məqsədəuyğun görmür, çünki ABŞ onun nüvə proqramını məhv edib: “Bu (ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri-red.) baş verəndə mən müzakirələrin məqsədinin nə olduğunu soruşdum. Düşünürəm ki, onlarda bizə hörmət, İsrailə hörmət formalaşıb. Onlar görüşmək istəyirlər, biz də görüşəcəyik”.
Tramp deyir ki, ABŞ zərbələr kağız üzərində olan hər hansı razılaşmadan “daha yüksək səslə danışır”: “Ancaq mən İranın bunu niyə istədiyini başa düşürəm”.
Tramp eyni zamanda deyib ki, o, “uyğun zamanda” ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarını ləğv etmək istəyir: “Bizim İrana qarşı ağrılı, çox ağrılı sanksiyalarımız var. Mən də istərdim ki, bu sanksiyaları lazımi vaxtda ləğv edə bilim, onlara(İrana-red.) bərpa olmaq şansı verək. Mən İranın sülh yolu ilə bərpasını görmək istərdim, nəinki onların etdikləri kimi “Amerikaya ölüm, ABŞ-a ölüm, İsrailə ölüm” şüarını səsləndirməsini”.