1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi.
Qeyd edək ki, Minsk qrupu 1992-ci ildə ATƏM (sonra ATƏT) tərəfindən Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılsa da, qurum heç zaman üzərinə götürdüyü vəzifəni yerinə yetirmədi. Əksinə, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi bu qurum öz fəaliyyəti ilə yalnız sülhə zərbə vurdu.
Təəssüf ki, 28 il ərzində ATƏT-in Minsk qrupu nəinki Ermənistanla Azərbaycan arasında münaqişənin dayandırılması, sülhün bərqərar olması istiqamətində addım atdı, əksinə, erməni vandalizminə göz yumdu. Minsk qrupu Qarabağın və Şərqi Zəngəzurun heç zaman mübahisəli ərazi olmadığını bilə-bilə yalana, riyakarlığa əl atmaqdan çəkinmədi. Bu qrup sülh danışıqlarına vasitəçilik etmək yerinə, Azərbaycan torpaqlarının işğal müddətinin uzanmasına şərait yaratdı. Bununla Ermənistana vaxt qazandırmaq, Azərbaycan dövlətini və xalqını işğalla barışdırmaq məqsədi güddü.
Dövlətimizin başçısı cənab İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, biz 30 il gözlədik ki, beynəlxalq ictimaiyyət tərəfindən bu məsələnin həlli tapılacaq və işğala son qoyulacaq. Ermənistan isə həmin müddətdə hərbi cinayətlər törətməkdə davam etdi. 1994-cü ilin mayında imzaladığı atəşkəs sazişinə heç vaxt əməl etməyən işğalçı ölkənin silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri və mülki vətəndaşlarının yaşayış yerləri intensiv olaraq atəşə tutuldu. Ermənistanın bu hərbi cinayətlərini də Minsk qrupu “görmədi”, azərbaycanlıların fəryadlarını “eşitmədi”.
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı səbəbindən 2020-ci ilin payızında müharibə başladı. 44 günlük Vətən müharibəsinin gedişində Minsk qrupu nəinki haqlının tərəfində oldu, Ermənistan silahlı qüvvələrinin torpaqlarını döyüş meydanlarına çevirdiyi Azərbaycanın hüquqlarını qorudu, əksinə, həmsədrlərdən biri olan Fransa Ermənistanı açıq şəkildə dəstəklədi.
Azərbaycan 2020-ci ildə Vətən müharibəsində və 2023-cü ildə antiterror əməliyyatında qazandığı böyük qələbələrlə ədaləti özü bərpa etdi. Qarabağ və Şərqi Zəngəzuru Ermənistanın işğalından azad etdi, suverenliyinə nail oldu.
2020-ci il dekabrın 12-də, Vətən müharibəsi başa çatdıqdan qısa müddət sonra ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dən olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edən dövlətimizin başçısı demişdir: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”. Prezident cənab İlham Əliyev o zaman da bildirmişdir ki, Azərbaycan bu məsələni özü həll etmişdir: “Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz bəyanatı imzalamağa məcbur etdik”.
Vətən müharibəsindən sonra qalib Azərbaycan dövləti Ermənistanla sülh danışıqlarının təşəbbüskarı oldu. Dövlətimizin başçısı qeyd edirdi ki, Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir: “Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir”.
Cari ilin avqustun 8-də ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edən Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Birgə Bəyannamə imzaladılar. Bu sənədə əsasən, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanlandı.
Beləliklə, ölkəmizin 2020-ci ildən bəri davamlı olaraq gündəlikdə saxladığı, sülh və normallaşma prosesi üçün ən ciddi maneələrdən birinin aradan qaldırılması istiqamətində vacib addım atıldı. Sentyabrın 1-dən ATƏT Nazirlər Şurası tərəfindən verilən qərarla ATƏT-in Minsk prosesi və əlaqəli strukturları tarixə gömüldü. Minsk prosesinin bağlanması haqqında qərar Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv 57 ölkə tərəfindən yekdilliklə qəbul edildi. Bundan sonra Minsk qrupu yalnız keçmişlə bağlı yazılanlarda və söylənilənlərdə anılacaq, özü də sülhə xidmət etməyən uğursuz bir qrum kimi.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova