image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-641766379_1469818721164568_3010744931424141476_n

image-legitimaz-810x90

Qisasımız qiyamətə qalmadı, lakin kədərimiz tariximiz qədər əbədi olacaq

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.

Xocalı – bir gecənin içində dondurulmuş ümidlərin, yarımçıq qalmış arzuların və qana boyanmış ağ kəfənin adıdır. 1992-ci ilin 26 fevralı təqvimlərdə sadəcə bir tarix deyil, bəşəriyyətin vicdanının susduğu, insanlığın öldüyü gündür. Qar üzərində açan “qırmızı çiçəklər” -günahsız körpələrin tökülən qanı idi; o gecə göydən qar yox, kədər yağırdı.

Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.

Bu gün Xocalıda dalğalanan üçrəngli bayrağımız, o gecə şəhid olan günahsız ruhların ən böyük təsəllisidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.  Xocalı şəhərində ucaldılan Memorial Kompleks, Azərbaycan xalqının həm kədərini, həm də əyilməz iradəsini simvolizə edən möhtəşəm bir abidədir. Bu kompleksin açılışı tariximizdə ədalətin təntənəsi kimi qiymətləndirilir. Memorial Kompleksin məhz Xocalı şəhərində açılması ədalətin bərpası kimi qəbul edilir.

​Bu layihə Heydər Əliyev Fondu tərəfindən çoxdan hazır olsa da, onun məhz Xocalı azad edildikdən sonra orada qurulacağı inamı inşanın vaxtını müəyyən etmişdir. Kompleks Xocalı soyqırımını heç vaxt unutmamağımız üçün silinməz yaddaşımızın təcəssümü olaraq ucaldılıb. Bu abidənin timsalında Azərbaycan xalqının sarsılmaz və əyilməz ruhu bütün dünyaya nümayiş etdirilir Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir. Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb. Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır. Memorial Kompleksin açılışında iştirak edən Xocalı sakinləri öz yaxınlarını və doğma yurdlarını itirmələrinə baxmayaraq, böyük bir daxili iradə göstərmişlər.

​Onların illərlə çəkdiyi bu kədər və ağrı artıq doğma torpağa qayıdışın sevinci və ucaldılan bu abidə ilə təsəlli tapır.   Bu məkan bizə hər zaman ayıq-sayıq, güclü olmağı və sülh içində yaşamaq üçün milli birliyimizi qorumağın vacibliyini xatırladır.

Gülnar Tağıyeva – Zərdab rayonu, Əlibəyli kənd tam orta məktəbin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki