Zərdab Şəhər polis şöbəsinin rəisi polkovnik-leytenant Ramil Salayev və digər polis rəhbər şəxsləri 44 günlük Vətən müharibəsində Azərbaycan respublikasının torpaqlarının suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Daxili İşlər Nazirliyinin Daxili Qoşunların çavuşu İbrahim Cəbrayıllının ailəsini ziyarət ediblər.
“Xeberaz.info” xəbər verir ki, polkovnik-leytenant Ramil Salayev ziyarət zamanı şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edərək, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağını vurğulayıb. Polis rəisi görüşdə şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətdə şəhid ailələrinə göstərilən dövlət qayğısının xüsusi yer tutduğunu vurğulamışdır.
Daha sonra polis əməkdaşları gətirdikləri sovqatı şəhid ailəsinə təqdim etmişlər.
Şəhid İbrahim Cəbrayıllının valideyinləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə , Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazova şəhid ailələrini hər zaman diqqətdə saxladıqlarına və qayğı göstərdiklərinə görə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan İbrahim Cəbrayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İbrahim Cəbrayıllı sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Cəbrayıllı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Cəbrayıllı ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.
Vüqar Rəhimov