13 iyun 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə ümumrayon tədbiri keçirilib.
“Xeberaz.info” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, hüquq-mühafizə orqanlarının və rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayon rəhbərliyi əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə icra başçısı cənab Mərdan Camalzadə çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Qeyd olunub ki, hər bir xalqın taleyində elə günlər olur ki, onlar tarixə qızıl hərflərlə yazılır. Azərbaycan xalqının da taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. 1993-cü ildə xalqın xahiş və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. Bildirib ki, bu gün Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi, ən layiqli yetirməsi cənab İlham Əliyevin əlindədir. Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, qurucusu və memarı Heydər Əliyev olan dövlətimizlə fəxr edir.
Tədbirdə Milli Qurtuluş Gününə aid videoçarx nümayiş etdirilib.
Xeberaz.info Vüqar Rəhimov