ZƏNGİLAN RAYONU ÇOX YÜKSƏK SƏVİYYƏDƏ VƏ UĞURLA YENİDƏN QURULACAQ!
Zəngilan rayonunun işğaldan azad olunmasından dörd il ötür. Azərbaycan xalqı Zəngilan rayonunun düşmən işğalından azad olunmasını böyük bir sevinc və fərəh hissi ilə qeyd edir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonunu işğaldan azad etməklə Vətən müharibəsinin gedişatında növbəti qələbəni Azərbaycan Xalqına ərmağan etdi. 44 günlük Vətən Müharibəsində müzəffər ordumuzun qazandığı ən böyük uğurlardan biri də Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi idi. Azərbaycanın müasir tarixində elə anlar var ki, onlar yalnız bir günün, bir hadisənin deyil, bütöv bir xalqın ruhunun, mübarizəsinin və inamının simvoluna çevrilir. Zəngilan şəhərinin azad olunması və hər il qeyd edilən Zəngilan şəhəri günü də məhz belə tarixi məqamlardandır. Bu gün Zəngilan adı çəkiləndə yalnız bir coğrafiya deyil, bir xalqın yenidən doğuluşu, bir dövlətin qüdrəti və bir liderin iradəsi göz önünə gəlir. Zəngilan həm də Zəngəzur dəhlizinə açılan qapıdır. Azərbaycanın gələcək geosiyasi mənzərəsində mühüm strateji mövqeyə malikdir. Zəngəzur dəhlizinin keçdiyi mühüm nöqtə kimi bu şəhər təkcə regionu deyil, bütöv türk dünyasını birləşdirən iqtisadi və mənəvi körpüyə çevrilir. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Zəngəzur dəhlizi türk dünyasının birliyinə, iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Bu yolla biz tarixi ədaləti bərpa edirik.” Bu baxımdan Zəngilan təkcə bir şəhər deyil – bir konsepsiyadır, bir strateji ideyadır, bir gələcək modelidir. Zəngilan bu gün milli qürurun, azadlıq ruhunun və dövlət-xalq birliyinin canlı simvoludur. Onun yenidən qurulması, hər bir daşının yerinə qoyulması Azərbaycan xalqının zəfər hekayəsidir. Burada hər bina, hər ağac, hər məktəb bir vətəndaşın qayıdış arzusunun təcəssümüdür. Bu torpağa köçən insanlar artıq təkcə evlərinə deyil, mənəvi dəyərlərinə, keçmişlərinə, köklərinə qayıdırlar. Cənab Prezident İlham Əliyevin sözləri bu həqiqəti ən dolğun ifadə edir: “Zəngilanın azad olunması və bərpası Azərbaycanın gücünün, xalqımızın iradəsinin göstəricisidir. Biz azad etdiyimiz torpaqlarda həyat qururuq və burada əbədi yaşayacağıq.” Zəngilan həm də sabahın şəhəridir. Bu gün Zəngilan Azərbaycanın “yaşıl enerji zonası”, “ağıllı şəhər modeli” və müasir inkişaf konsepsiyası ilə regionda nümunə göstərilən bir məkan kimi formalaşır. Burada həyata keçirilən layihələr, enerjisini Günəşdən və küləkdən alan sistemlər, ekoloji təmiz infrastruktur ölkəmizin dayanıqlı inkişaf yolunu nümayiş etdirir. Zəngilan artıq Azərbaycanın gələcək simasının, modern dövlət modelinin təcəssümüdür. Qısa müddət sonra cənab Prezident İlham Əliyev sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi, 6974 əsgər və zabit bu ordenlə təltif olundu. Zəngilan azadlığa qovuşduqdan dərhal sonra dövlətimizin diqqət mərkəzinə çevrildi. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il Sərəncamı ilə 20 oktyabr “Zəngilan şəhəri günü” kimi təsis olundu. Bu, təkcə bir təqvim hadisəsi deyil – xalqın yaddaşının və dövlətin hörmətinin göstəricisidir. Bu gün Zəngilanda dalğalanan üçrəngli bayraq həm Qələbənin, həm də inamın simvoludur. Bu torpaq, bu şəhər, bu səma bir daha sübut etdi ki, Azərbaycan xalqı heç vaxt məğlub olmur. Zəngilan dirçəlir, yaşayır, böyüyür və bu, cənab Prezident İlham Əliyevin liderliyində yeni əsrin Azərbaycan möcüzəsidir. Zəngilan bu gün azadlığın, birliyin, qürurun adıdır.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının mühasibi
Qalib Nağıyev