ABŞ-ın Zəngəzur dəhlizinin açılmasında maraqlı olması təsadüfi deyil. Bu məsələ artıq sadəcə regional deyil, qlobal geosiyasi maraqlar kontekstində qiymətləndirilir.
”Xeberaz.info” bildirir ki, politoloq Zeynal Əmrəliyev ABŞ-ın bölgədəki məqsədləri və maraqları barədə bu cür şərh verib:
“Donald Tramp hakimiyyətə gəldikdən sonra Cənubi Qafqazda ABŞ-ın ənənəvi siyasi kursunda da dəyişiklik baş verdi. Co Baydenin birtərəfli və passiv mövqeyini Trampın çoxvektorlu xarici siyasəti əvəz etməyə başladı. Bir tərəfdən Avropa Birliyinin təzyiq etdiyi Gürcüstanı öz tərəfinə çəkməyə çalışan ABŞ, digər tərəfdən Azərbaycan və Ermənistan arasında münaqişənin həllini və kommunikasiyaların açılmasını istəyir. Vaşinqtonun əsas hədəfi isə Zəngəzur dəhlizinin açılmasıdır”.
Politoloq bildirir ki, Zəngəzur dəhlizi yalnız türk dövlətlərini birləşdirən layihə deyil, həm də ABŞ-ın əsas geosiyasi rəqiblərinə qarşı strateji alətə çevrilə bilər:
“ABŞ-ın bu istəyinin başlıca səbəbi türk blokunun güclənməsinə töhfə verməkdir. Dəhliz açıldıqdan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında, həmçinin Türkiyə ilə birbaşa quru sərhədi formalaşacaq. Bu isə eyni zamanda Türkiyənin Mərkəzi Asiyaya çıxışı üçün strateji imkan yaradacaq. ABŞ, müttəfiqi olan Ankaranın rəhbərliyi ilə türk dövlətləri birliyinin möhkəmlənməsində maraqlıdır. Bu blokun güclənməsi isə paralel olaraq ABŞ-ın bölgədəki üç əsas rəqibi – Rusiya, İran və Çinin zəifləməsi anlamına gəlir. Ən çox zəifləyəcək tərəf isə İran olacaq. Çünki Zəngəzur dəhlizi faktiki olaraq İranın Şimal–Cənub nəqliyyat dəhlizinə alternativ yaradır.
ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması ilə eyni zamanda Çinin təsir dairəsini də məhdudlaşdırmaq niyyətindədir. Rəsmi Pekin “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə Avrasiyada geniş nəqliyyat və ticarət şəbəkəsi qurmağa çalışır. ABŞ isə bu prosesə qarşı olaraq alternativ yolların inkişafını dəstəkləyir. Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhliz – yəni Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu daha da aktivləşəcək. Bu da Çin-Rusiya-İran xəttinə qarşı Türkiyə-Azərbaycan-Gürcüstan üzərindən Qərbə alternativ yol yaradacaq”.
Zeynal Əmrəliyev vurğulayıb ki, Zəngəzur dəhlizi həmçinin Avropanın enerji təhlükəsizliyi baxımından da əlverişli imkanlar yaradır:
“Gələcəkdə bu dəhliz vasitəsilə neft və qaz kəmərlərinin çəkilməsi mümkündür. Bu isə Zəngəzur dəhlizinə Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın investisiya marağını artırır.
ABŞ hələ Bayden administrasiyası dövründə Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətmək siyasəti yürüdürdü. Sülh məsələsində ABŞ-ın vasitəçilik təşəbbüsləri də Rusiyanın Ermənistandakı təsirini daha da zəiflətmək məqsədi daşıyır.
Bütün bu səbəblər Donald Trampın bölgədə artan aktivliyinin başlıca izahıdır”.