Zəngəzur Dəhlizi
Zəngəzur Dəhlizi son illərdə Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın gündəmində olan ən mühüm layihələrdən biridir. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru yol bağlantısı yaradacaq. Hazırda bu iki bölgə arasında yalnız İran ərazisindən keçməklə əlaqə mümkündür. Zəngəzur Dəhlizi isə bu asılılığı aradan qaldıraraq, birbaşa və daha qısa nəqliyyat yolunun açılmasını nəzərdə tutur. Zəngəzur Dəhlizi Ermənistanın cənubunda yerləşən Sünik vilayətindən keçməsi planlaşdırılan bir yoldur. Bu bölgə coğrafi baxımdan həm Azərbaycanın qərb rayonları, həm də Naxçıvan üçün strateji mövqedə yerləşir. Dəhliz eyni zamanda Türkiyə ilə Azərbaycanın quru yolu ilə birləşməsinə də imkan yaradacaq. Bu baxımdan Zəngəzur Dəhlizi təkcə yerli yox, regional və beynəlxalq əhəmiyyətə malik bir nəqliyyat marşrutudur. Zəngəzur Dəhlizi ideyası 2020-ci ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində rəsmi şəkildə qeyd edilib. Bu bəndə əsasən, regionda bütün nəqliyyat və kommunikasiya xətlərinin açılması nəzərdə tutulurdu. Həmin vaxtdan etibarən bu dəhlizin texniki və siyasi müzakirələri başlanılıb. 2021-ci ildən etibarən Azərbaycanın öz ərazisində – Zəngilan və Ordubad (Naxçıvan) istiqamətində dəhliz üçün infrastruktur layihələrinə start verilib. Bu ərazilərdə avtomobil yolları və dəmir yolları çəkilir. Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi də dəhliz layihəsinin bir hissəsi kimi həyata keçirilir. Zəngəzur dəhlizi açılması ilə Azərbaycanla Naxçıvan arasında yeni ticarət yolları açılacaq, yükdaşımalar sürətlənəcək və logistika xərcləri azalacaq. Eyni zamanda regionda sənaye və kənd təsərrüfatı məhsullarının daha rahat daşınması mümkün olacaq. Bu dəhlizlə birlikdə dəmir yolu və avtomobil yolu şəbəkələrinin genişlənməsi nəzərdə tutulur. Həm insanların, həm də malların rahat və təhlükəsiz daşınması üçün vacib infrastruktur qurulacaq.Zəngəzur Dəhlizi yalnız Azərbaycan və Ermənistan üçün deyil, Türkiyə, Rusiya və digər qonşu ölkələr üçün də strateji əhəmiyyət daşıyır. Bu dəhliz vasitəsilə region ölkələri bir-biri ilə daha sıx iqtisadi əməkdaşlıq edə bilərlər. Zəngəzur Dəhlizi bütün region üçün mühüm bir layihədir. Onun reallaşması həm tarixi ədalətin bərpası, həm də iqtisadi inkişaf baxımından böyük əhəmiyyət kəsb edir.
Zərdab şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin tarix müəllimi Sadıqova Ülkər