Zəfər seçkisi
2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri müasir Azərbaycan dövlətçiliyi tarixində xüsusi və əlamətdar yer tutur. Bu seçkilər təkcə növbəti siyasi proses deyil, eyni zamanda milli iradənin, dövlət suverenliyinin və tarixi ədalətin təntənəsi kimi tarixə düşmüşdür. Məhz buna görə də 2024-cü il prezident seçkiləri haqlı olaraq “Zəfər seçkisi” adlandırılır. İlk dəfə olaraq müstəqil Azərbaycan tarixində prezident seçkiləri ölkəmizin bütün ərazilərində, o cümlədən uzun illər işğal altında olmuş və artıq suverenliyimiz tam bərpa edilmiş torpaqlarda keçirilmişdir. Bu fakt özlüyündə Azərbaycan dövlətinin gücünü, siyasi iradəsini və əldə edilən tarixi Qələbənin hüquqi-siyasi təsdiqini əks etdirir.
2024-cü il seçkiləri postmüharibə dövrünün reallıqları şəraitində baş tutmuşdur. 2020-ci ildə Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpa olunması ölkədə tamamilə yeni siyasi və hüquqi mühit formalaşdırmışdır. Bu mühitdə keçirilən seçkilər Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun bütün ölkə ərazisində təmin olunduğunu bir daha təsdiqləmişdir. Seçkilərin işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xankəndi şəhərində təşkil edilməsi dövlətçiliyimizin bərpaedilməzliyinin və qətiyyətinin rəmzi məna daşıyırdı. Bu, eyni zamanda beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesaj idi: Azərbaycan öz suveren hüquqlarını tam şəkildə həyata keçirir.
2024-cü il fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verməsi müasir tariximizin ən yaddaqalan siyasi hadisələrindən biri oldu. Bu hadisə təkcə seçki proseduru deyil, həm də güclü siyasi rəmz idi. Xankəndidə səsvermə aktı Azərbaycanın suverenliyinin tam bərqərar olmasının, dövlət başçısının verdiyi vədlərin əməli nəticələrə çevrilməsinin bariz sübutu kimi qiymətləndirilir. Bu addım Prezident İlham Əliyevin sözlə əməl arasında tam vəhdət yaratdığını bir daha nümayiş etdirdi.
Seçkilərdə seçici fəallığının 76,43 faiz təşkil etməsi Azərbaycan cəmiyyətinin siyasi proseslərə aktiv münasibətinin göstəricisi oldu. Bu göstərici xalqın dövlətinə, seçki institutuna və ölkə rəhbərliyinə olan yüksək etimadını əks etdirir. Yüksək fəallıq, eyni zamanda, seçkilərin legitimliyini və şəffaflığını təsdiqləyən mühüm amildir. Azərbaycan vətəndaşları bu seçkilərdə yalnız siyasi seçim etmədi, həm də Zəfərə, sabitliyə və gələcək inkişaf strategiyasına səs verdilər. Prezident cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın dövlət başçısına verdiyi misilsiz etimadın açıq ifadəsidir. Bu nəticə təkcə seçki qələbəsi deyil, həm də Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi siyasətə verilən yüksək siyasi qiymətdir. Bu səs nisbəti Azərbaycan xalqının güclü liderlik, milli maraqlara əsaslanan müstəqil siyasət və qətiyyətli dövlət idarəçiliyi xəttini birmənalı şəkildə dəstəklədiyini göstərir.
2024-cü il prezident seçkiləri Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu seçkilər suverenlik, ərazi bütövlüyü və milli birliyin hüquqi-siyasi təsdiqi olmaqla yanaşı, postmünaqişə dövründə ölkənin inkişaf strategiyasına verilən xalq dəstəyinin ifadəsidir. “Zəfər seçkisi” anlayışı bu prosesin mahiyyətini tam şəkildə əks etdirir. Çünki bu seçkilər yalnız səsvermə aktı deyil, Azərbaycan xalqının tarixi Qələbəyə sahib çıxmasının, dövlətinə və liderinə inamının təntənəsi idi. Prezident İlham Əliyevin növbəti dəfə xalqın etimadını qazanması Azərbaycanın qarşıdakı illərdə də sabitlik, inkişaf və güclü dövlətçilik yolu ilə irəliləyəcəyinə inam yaradır. İşğaldan azad edilmiş ərazilərin bərpası, iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi əsas prioritetlər olaraq qalır. Bu seçkilər göstərdi ki, Azərbaycan xalqı əldə edilmiş Zəfərin qorunmasını və möhkəmləndirilməsini məhz mövcud siyasi kursun davamında görür.
Zəfər seçkisi Azərbaycan dövlətçiliyinin gücünü, xalqın iradəsinin sarsılmazlığını və Prezident cənab İlham Əliyevin liderliyinə olan yüksək etimadı bütün dünyaya nümayiş etdirmişdir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova























