image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-578257652_1385034802976294_7155675013635968899_n

Zəfər Gününün təsis edilməsi

image-legitimaz-810x90

Azərbaycan xalqının minillik tarixi bir çox şanlı qələbələrlə zəngindir. Lakin bu qələbələr arasında 8 Noyabr – Zəfər Günü xüsusi yer tutur. Bu gün Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyulduğu, dövlətimizin ərazi bütövlüyünün bərpa olunduğu gündür. 2020-ci ildə Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərərək, torpaqlarımızı işğaldan azad etdi və tariximizə qızıl hərflərlə yazılacaq bir Zəfər qazandı.

Zəfər Gününün təsis edilməsi bu qələbənin əbədiləşdirilməsi, xalqımızın qəhrəmanlığının və milli birliyinin gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır. 2020-ci il dekabrın 3-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla 8 Noyabr tarixi Zəfər Günü elan olundu. Bu qərar yalnız bir tarixi hadisənin qeyd olunması deyil, həm də dövlətçilik və milli kimlik baxımından mühüm əhəmiyyət daşıyır. Zəfər Günü Azərbaycan xalqının azadlıq iradəsinin, milli həmrəyliyinin və dövlətə sədaqətinin rəmzidir.

Həmin gün – 8 Noyabr 2020-ci il – Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ olan Şuşa şəhərinin azad edildiyi gündür. Şuşanın azad olunması ilə Qarabağın ürəyi azad nəfəs aldı, xalqımızın qəlbində qürur və sevinc hissləri yenidən canlandı. Bu qələbə yalnız hərbi nailiyyət deyil, həm də milli mənəviyyatın, xalqın birliyinin və ədalətin bərpasının təntənəsi idi.

Zəfər Günü hər il böyük ehtiramla qeyd olunur. Bu gün həm də şəhidlərimizin xatirəsinə dərin minnətdarlıq günüdür. Məhz onların qəhrəmanlığı, igidliyi və Vətənə sədaqəti sayəsində bu Zəfər mümkün oldu. Zəfər Günü tədbirləri zamanı ölkənin bütün bölgələrində bayraqlar dalğalanır, qəhrəman əsgər və zabitlərimizin xatirəsi anılır, Vətən müharibəsində qazanılmış qələbənin mənəvi dəyəri bir daha xatırlanır.

Bu tarixi gün xalqımıza bir daha göstərdi ki, milli birlik, dövlətə inam və vətənpərvərlik ən böyük gücdür. Azərbaycan bu güc sayəsində qalib gəldi və bu qələbə əbədi olaraq xalqımızın yaddaşında qalacaq. 8 Noyabr – Zəfər Günü hər bir azərbaycanlının qürurla qeyd etdiyi, gələcək nəsillərə örnək olan milli bayramdır.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumitəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki