Yeni Azərbaycan Partiyasının yaranması və siyasi sistemimizin formalaşmasında tarixi rolu
Müstəqil Azərbaycanın dövlətçilik tarixində 1990-cı illərin əvvəlləri təkcə ictimai-siyasi böhran dövrü deyil, həm də milli dirçəlişin, dövlətçilik şüurunun gücləndiyi, Azərbaycanın müasir siyasi sisteminin formalaşdığı mühüm mərhələ kimi qiymətləndirilir. Bu mürəkkəb tarixi proseslərin mərkəzində isə xalqın tələbi və siyasi iradəsi ilə meydana çıxan Yeni Azərbaycan Partiyası dayanır.
1992-ci ilin yayında ölkədə gedən ictimai-siyasi gərginlik, daxili çəkişmələr, dövlət idarəçiliyində xaos və milli təhlükəsizliyə real təhdidlər vəziyyəti son dərəcə ağırlaşdırmışdı. Bu tarixi şəraitdə Azərbaycanın tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri, ümumilikdə 91 nəfər nüfuzlu şəxs Heydər Əliyevə müraciət edərək, yeni yaradılacaq siyasi qüvvəyə liderlik etməsini xahiş etdilər. “91-lər” müraciəti yalnız fərdi təşəbbüs deyil, xalqın ümumi iradəsinin ifadəsi kimi çıxış edir və Azərbaycanın siyasi sisteminin institusional quruculuğu üçün dönüş nöqtəsi hesab olunur.
21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində keçirilmiş təsis konfransı ilə Yeni Azərbaycan Partiyası rəsmən yaradıldı. Partiyanın yaranması təsadüfi hadisə deyil, müstəqil dövlətin gələcək inkişafını təmin edəcək siyasi təşkilatlanmaya olan obyektiv tələbatın nəticəsi idi. O dövrdə ölkənin sosial-iqtisadi vəziyyəti, ərazi bütövlüyünə ciddi təhlükələr və siyasi qütbləşmə demokratik idarəetmə mexanizmlərinin yaradılmasını zərurətə çevirirdi. YAP məhz bu zərurətdən doğaraq cəmiyyətin böyük sosial təbəqələrini ətrafında birləşdirən siyasi qüvvəyə çevrildi.
Təsis qurultayında qəbul edilən Nizamnamə və Proqram əsasında partiyanın məqsəd və vəzifələri müəyyənləşdirildi. İdarə Heyətinin, sədrin və sədr müavinlərinin seçilməsi, partiyanın müasir idarəetmə strukturu, siyasi xəttinin ideoloji çərçivəsi və fəaliyyət mexanizmləri elmi əsaslarla formalaşdırıldı. Bu proses Yeni Azərbaycan Partiyasını qısa müddətdə ölkənin aparıcı siyasi institutuna çevirdi.
Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı ilə YAP-ın siyasi liderliyi daha da möhkəmləndi. Partiya qısa zamanda cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilərək ölkədə siyasi sabitliyin bərpa edilməsində, iqtisadi islahatların həyata keçirilməsində və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynadı. Heydər Əliyevin praqmatik liderlik modeli, siyasi idarəetmədə ardıcıllıq, hüquqi dövlət quruculuğu prinsiplərinin tətbiqi YAP-ın nüfuzunu daha da artırdı.
Yeni Azərbaycan Partiyası qanunvericilik çərçivəsində fəaliyyət göstərərək Azərbaycanda çoxpartiyalı siyasi sistemin inkişafına töhfə verdi. Müxalifət partiyalarına münasibətdə konstruktiv siyasi dialoqu dəstəkləyən YAP, siyasi münasibətlərdə tolerantlığın formalaşdırılmasında mühüm rol oynadı. Azərbaycanın demokratik mədəniyyətinin zənginləşməsi, seçki institutlarının inkişafı, vətəndaş cəmiyyətinin möhkəmlənməsi YAP-ın siyasi xəttinin əsas istiqamətlərindən birinə çevrildi.
Heydər Əliyev siyasi irsinin davamı: inkişaf etmiş siyasi idarəetmə modeli
2003-cü ildən etibarən YAP-ın Sədri seçilən İlham Əliyevin rəhbərliyi ilə partiyanın siyasi xəttində ardıcıllıq təmin edildi və Heydər Əliyev irsinin əsas prinsipləri davam etdirildi. Bu dövrdə Azərbaycanda sürətli iqtisadi inkişaf, beynəlxalq inteqrasiya, modernləşmə prosesləri, güclü sosial siyasət və strateji layihələrin icrası partiyanın idarəetmə təcrübəsinin uğurlarını nümayiş etdirdi.
Gülnar Tağıyeva Zərdab rayonu, R.Rza adına Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin Tarix müəllimi



















