Azərbaycan xalqı XX əsrin sonunda ağır bir tarixi sınaqla üz-üzə qalmışdı. 1990-cı illərin əvvəlləri müstəqilliyini yenidən bərpa etmiş bir dövlət üçün həm siyasi, həm iqtisadi, həm də ictimai baxımdan son dərəcə çətin və mürəkkəb dövr idi. Dövlət idarəçiliyində qeyri-sabitlik, hakimiyyət uğrunda daxili çəkişmələr, separatizm meyillərinin güclənməsi, dövlət sərhədlərinin təhlükə altına düşməsi və iqtisadiyyatın tamamilə çökməsi Azərbaycanı çox ciddi böhranla üz-üzə qoymuşdu. Belə bir şəraitdə xalqın tələbi aydın idi: ölkəni xilas edəcək, milli dövlətçilik ideyasını möhkəmləndirəcək və Azərbaycanı parçalanmadan qorumağa qadir olan yeni siyasi qüvvə meydana çıxmalı idi. Bu tarixi zərurət Yeni Azərbaycan Partiyasının yaranmasının əsasını təşkil etdi. 1992-ci ildə respublikanın müxtəlif bölgələrindən 91 nəfər ziyalının bir araya gələrək müraciət ünvanlaması, xalqın gələcəyi naminə siyasi məsuliyyət hissinin artıq ən yüksək səviyyəyə çatdığını göstərirdi. Bu insanlar ölkədə davam edən özbaşınalığın, idarəçilik böhranının və siyasi qeyri-peşəkarlığın nəticələrinin Azərbaycanı uçuruma apardığını görür, dövlətin xilası üçün vahid strateji xəttə malik bir qüvvənin zəruriliyini qəbul edirdilər. Yaranmış ictimai-siyasi şərait artıq təsadüfi deyil, obyektiv şəkildə yeni bir siyasi platformanın formalaşmasını tələb edirdi. Yeni Azərbaycan Partiyasının meydana çıxması yalnız bir partiyanın yaranması deyildi. Bu proses əslində Azərbaycanın milli dövlətçilik idealının yenidən qurulması, möhkəmləndirilməsi və gələcəyə hesablanmış siyasi sistemin bünövrəsinin qoyulması demək idi. Partiyanın proqram və məramı ilk gündən xalqın maraqlarına söykənir, ölkənin təhlükəsizliyinin təminatını, siyasi sabitliyin bərpasını, iqtisadi inkişafı və demokratik institutların formalaşdırılmasını qarşıya məqsəd qoyurdu. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması YAP-ın siyasi fəaliyyətinə güclü strateji dinamika verdi. Heydər Əliyevin təcrübəsi, siyasi iradəsi və dövlətçilik baxışı ölkənin ciddi böhrandan çıxmasına imkan yaratdı. Qısa müddət ərzində ölkədə sabitlik bərpa edildi, separatizm meyillərinə son qoyuldu, ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi. Bu dövr YAP-ın yalnız yaranmasının deyil, həm də Azərbaycanın siyasi həyatında aparıcı gücə çevrilməsinin əsas mərhələsi oldu. Yeni Azərbaycan Partiyasının təşəbbüsü və dəstəyi ilə ölkədə genişmiqyaslı iqtisadi islahatlar aparıldı. Xüsusilə neft strategiyasının həyata keçirilməsi, “Əsrin müqaviləsi”nin imzalanması və ölkəyə böyük investisiyaların cəlb olunması nəticəsində Azərbaycan iqtisadi cəhətdən dirçəlməyə başladı. Sosial layihələrin icrası, dövlət proqramlarının həyata keçirilməsi və bölgələrin inkişafına yönəlmiş siyasət ölkənin ümumi tərəqqisinə mühüm təsir göstərdi. Sonrakı illərdə də Yeni Azərbaycan Partiyası ölkənin modernləşmə xəttini davam etdirərək bir çox strateji islahatlara imza atdı. Təhsil, səhiyyə, infrastruktur, ordu quruculuğu, informasiya texnologiyaları kimi sahələrdə həyata keçirilən layihələr Azərbaycanın inkişaf tempini daha da sürətləndirdi. Partiyanın siyasi xətti yalnız bir dövr üçün deyil, uzunmüddətli dövlətçilik konsepsiyasına əsaslanırdı. Bu baxımdan, YAP xarizmatik lider məsələsi ilə məhdudlaşan siyasi təşkilat deyil, milli ideologiyanı özündə ehtiva edən və gələcəyə istiqamətlənmiş siyasi sistem kimi formalaşdı. Bütün bu faktlar göstərir ki, Yeni Azərbaycan Partiyasının yaradılması tarixi proseslərin məntiqindən irəli gələn obyektiv zərurət idi. Azərbaycan belə bir siyasi gücə ehtiyac duyurdu və həmin ehtiyac YAP-ın yaranması ilə öz cavabını tapdı. Bu partiyanın yaranması və fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və ölkənin gələcəyə inamla addımlaması baxımından həlledici rol oynadı. Tarix sübut etdi ki, YAP-ın yaradılması yalnız bir siyasi hadisə deyil, Azərbaycanın müstəqil və güclü dövlət kimi formalaşmasının mühüm mərhələsi idi.
Zərdab şəhər Ş.Qurbanov adına 2 nömrəli tam orta məktəbin müəllimi Ağayeva Rüxsanə Maarif qızı





















