Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Təsis konfransının keçirilməsi əlamətdar hadisə kimi yaddaşlara əbədi həkk olundu. Hər kəsə yaxşı məlumdur ki, Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Tarixi qərara gəlincə təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Bu gün əminliklə deyə bilərik ki, YAP cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Bu gün YAP həm də ümumxalq partiyasıdır. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Müstəqil Azərbaycanımızda Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik nümayiş etdirilir.
Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni Sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. Partiyanın qarşısında duran taleyüklü vəzifələr ideoloji birliyi şərtləndirir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Qürurvericidir ki, bu gün Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət partiya üzvlərini səciyyələndirən əsas göstəricilərdir. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır. Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası səviyyəsinə qədər inkişaf etmiş YAP-ın olması dövlətimizin və xalqımızın uğurudur. Prezident İlham Əliyevin YAP-ın VII qurultayında çıxışında səsləndirdiyi kimi, “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”. Cənab İlham Əliyev YAP-ın yeni inkişaf mərhələsinə rəhbərlik etmiş, partiyanın siyasi, sosial və iqtisadi sahələrdəki təsirini genişləndirmişdir. Bu dövrdə Azərbaycanda iqtisadi islahatlar həyata keçirilmiş, sosial siyasət daha da möhkəmləndirilmiş və ölkəmizin inkişafı davam etdirilmişdir. Eyni zamanda, həyata keçirilən müstəqil xarici siyasətin təməli daha da möhkəmlənmiş, ölkənin beynəlxalq əlaqələri inkişaf edərək Azərbaycanın güclü mövqeyə gəlməsini təmin etmişdir. Həmçinin, cənab İlham Əliyevin siyasi vizyonu partiyanın həm ölkə daxilində, həm də beynəlxalq aləmdə güclü mövqe tutmasına səbəb olmuşdur. Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası, müasir dövrün tələblərinə uyğunlaşaraq daha güclü və dinamik bir siyasi qüvvəyə çevrilmişdir. Bu gün əminliklə demək olar ki, Ümummilli Liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir.
Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov




















