Azərbaycanın ictimai-siyasi həyatında dərin iz buraxan, bu günümüz və sabahımızın təminatçısı, bizi gələcəyə uğurla aparan Yeni Azərbaycan Partiyasının yaranmasından 33 il keçir. Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi şəraitin daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. 16 oktyabr 1992-ci il müstəqil və müasir Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edərək yaddaşlara həkk oldu. Məhz həmin tarixdə bir qrup ziyalı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, Yeni Azərbaycan Partiyasının yaradılması ideyasına münasibət bildirməyi və bu partiyaya rəhbərlik etməyi xahiş etdilər. Bu o zaman idi ki, Azərbaycan öz müstəqilliyini yenicə, yəni bir il idi ki, əldə etmişdi. Amma respublikada vəziyyət elə bir həddə idi ki, müstəqillik hər an itirilə bilərdi. Ölkə fəlakət həddində idi, hərc-mərclik hökm sürürdü, müstəqil dövlətin dayaqlarını möhkəmləndirəcək heç bir addım atılmırdı. Əksinə, iqtisadiyyat tamamilə çökmüş, dövlət büdcəsi boşalmış, ağır sosial durum, daxildəki silahlı birləşmələr, separatçı meyllərin baş qaldırması, digər tərəfdən isə erməni işğalının genişlənməsi və böyük qaçqın, köçkün ordusu.Tarixə məşhur “91-lərin müraciəti” kimi düşmüş həmin müraciəti imzalayan ziyalılar bütün bu təhlükələri görür və getdikcə vəziyyətin daha da ağırlaşacağını, illərlə həsrətində olduğumuz müstəqilliyimizin yenidən itirilməsi təhlükəsini görürdülər. Məhz buna görə də hər zaman Azərbaycan xalqının güvəndiyi, arxalandığı, öz vətənini, millətini sonsuz məhəbbətlə sevən xilaskar liderə – ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Bu müraciəti 91 nəfər imzalasa da, bütün xalqın istəyini və arzusunu əks etdirirdi.
Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. 5 noyabr tarixdə Respublika ziyalılarının YAP təşkilat komitəsinin yığıncağı keçirildi. Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçildi. 21 noyabr 1992-ci ildə isə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi və Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçildi. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu.
Zərdab rayonu Yarməmmədbağı kənd sakini Bəkirova Qətibə Liqay qızı





















