1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yalnız siyasi hadisə deyil, həm də ölkənin taleyini müəyyən edən dönüş nöqtəsi kimi yadda qalmışdır. Həmin dövrdə Azərbaycan müstəqilliyini yenicə bərpa etmiş, lakin çox ciddi təhlükələrlə üz-üzə qalmışdı. Siyasi sabitliyin pozulması, daxili çəkişmələr, iqtisadi böhran və torpaq itkisi ilə müşayiət olunan ağır şərait müstəqil dövlətçiliyi real təhlükə altına salmışdı. Məhz belə bir zamanda güclü, mütəşəkkil və xalqın maraqlarını ifadə edən siyasi qüvvənin meydana çıxması obyektiv zərurətə çevrilmişdi.
1992-ci ilin siyasi mənzərəsinə nəzər saldıqda aydın olur ki, iqtidarda olan qüvvələr ölkəni idarə etməkdə aciz qalmış, cəmiyyətdə dərin narazılıq yaranmışdı. Hakimiyyət bölgüsü, siyasi plüralizm və demokratik mexanizmlər kağız üzərində mövcud olsa da, real həyatda xaos hökm sürürdü. Ermənistanın təcavüzü davam edir, torpaqlar itirilir, ordu vahid komandanlıqdan məhrum vəziyyətdə idi. İqtisadiyyat sürətlə dağılır, vətəndaşların sosial rifahı pisləşirdi. Belə bir dövrdə ölkəni bu böhrandan çıxara biləcək yeni siyasi qüvvəyə böyük ehtiyac yarandı.
Naxçıvanda yaşayan bir qrup ziyalının ölkənin o zamankı görkəmli dövlət xadimi Heydər Əliyevə müraciət etməsi, ondan siyasi proseslərə qayıdışını xahiş etməsi də məhz bu zərurətdən irəli gəlirdi. Onların təşəbbüsü ilə YAP-ın yaradılması prosesi başlandı və 21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda qəbul edilən proqram sənədləri Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, cəmiyyətin siyasi birliyinin təmin edilməsi, hüquqi-demokratik dövlət quruculuğu və sosial rifahın yüksəldilməsi kimi hədəfləri əhatə edirdi.
Təsadüfü deyil ki, Ulu Öndər Heydər Əliyev 91 nəfər ziyalının 1992-ci il 16 oktyabr tarixli müraciətinə cavabında bildirmişdir ki, “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
YAP-ın yaradılması qısa müddətdə ölkənin siyasi həyatında yeni mərhələnin əsasını qoydu. Partiyanın fəaliyyətə başlaması ilə Azərbaycan cəmiyyətində ümidlər yenidən dirçəldi, dövlətçilik ideyası gücləndi. Xalq özünün güvənə biləcəyi lideri və siyasi qüvvəni tapdı. Bir il sonra Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı isə bu prosesin məntiqi davamı oldu və Azərbaycanın inkişaf yoluna çıxmasına imkan yaratdı.
Bütün bunlar göstərir ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi təsadüf deyil, ölkənin o dövrdəki ağır vəziyyəti fonunda obyektiv zərurət idi. YAP həm milli birlik ideyasını gerçəkləşdirdi, həm də Azərbaycan dövlətçiliyinin xilasında mühüm rol oynadı. Bu səbəbdən 21 noyabr 1992-ci il ölkəmizin siyasi tarixində xüsusi önəm daşıyan bir gün kimi qalmaqdadır.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru





















